Finlandiya turistlərin tapması üçün 23 min dollarlıq qızıl külçə gizlədib



Adətən Şaxta babanın evi kimi tanınan və Narniya dünyasını xatırladan mənzərələri ilə seçilən Finlandiyanın Laplandiya bölgəsi turistləri bu yay maral turlarını buraxıb gizli bir qızıl ovuna qatılmağa dəvət edir.

AFN.az xəbər verir ki, iştirakçılar Finlandiyanın şimalında yerləşən və qış xizək yolları ilə tanınan Levi qəsəbəsindəki cığırları və simvolik məkanları kəşf edərək təxminən 23 min dollar dəyərindəki qızıl külçəni axtaracaqlar.

"Visit Levi" tərəfindən verilən açıqlamaya görə, "Gecəyarı Günəşi Ovu" iyunun 18-də Levi Ziyarətçi Mərkəzində başlayacaq.

İştirakçılar ilk ipucunu bu mərkəzdən alaraq qeydiyyatdan keçə biləcəklər.

Ardınca isə piyada gəzintiyə çıxanlara yerli cığırlardan və turistik nöqtələrdən keçərək onları mükafata daha da yaxınlaşdıracaq yeni ipucları təqdim olunacaq.

Təşkilatçılar qızıl külçənin hər hansı bir ipucunun ardınca tapıla biləcəyini, yay boyu yayımlanacaq əlavə ipucları ilə məkanın hər ötən gün daha da dəqiqləşəcəyini bildiriblər.

Sonuncu ipucunun isə avqustun 22-də açıqlanması planlaşdırılır.

Qütb dairəsinin üzərində yerləşən Levi Finlandiyanın ən mühüm xizək mərkəzlərindən biri və populyar qış turizm məkanı kimi önə çıxır.

Yay aylarında isə bölgədə gecəyarı günəşi hadisəsi yaşanır və Laplandiya müəyyən dövrlərdə 24 saat ərzində günəş işığı alır.

"Visit Levi"ın baş icraçı direktoru (CEO) Satu Pesonen Levinin hər şeydən əvvəl qış mövsümü ilə tanındığını, lakin şimal yayının hələ də bir çox insan tərəfindən kəşf edilmədiyini qeyd edib.

Pesonen günəşin heç batmadığı və dağ mənzərəsinin tamamilə fərqli bir görkəm aldığı bu dövrdə səyahətçilərə Levini ziyarət etmək üçün yeni bir səbəb təqdim etmək istədiklərini ifadə edib.

Avropa miqyasındakı bir çox qış turizm mərkəzi kimi, Levi də paraşütlə tullanma, təbiət yürüşü, raftinq və dağ velosipedi kimi qarsız dövr fəaliyyətləri ilə xidmət müxtəlifliyinə nail olur.

Sözügedən xəzinə ovu Kittila mərkəzli qızıl mədənçiliyi şirkəti "Agnico Eagle Finland""Levi Ski Resort"un əməkdaşlığı ilə təşkil edilir.

Təşkilatçılar iştirakçıların məsuliyyətli şəkildə hərəkət etmələrini, icazə verilən ərazilərdə qalmalarını və təbii ətraf mühitə hörmətlə yanaşmalarını xatırladaraq, bu ovun heç bir şəkildə qazıntı aparmağı və ya ərazini məhv etməyi tələb etmədiyini vurğulayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu