Britaniyalı deputat "Grok"a görə İlon Maskı məhkəməyə verdi



Britaniya Leyboristlər Partiyasının deputatı Cess Asato razılığı olmadan pornoqrafik süni intellekt vizuallarının yaradılmasına şərait yaratdığı əsası ilə İlon Maska məxsus "Grok" platformasını məhkəməyə verib.

AFN.az xəbər verir ki, Britaniya Parlamentinin Leyboristlər Partiyasından olan üzvü Cess Asato İlon Maska məxsus "Grok" adlı süni intellekt alətinin onu hədəf alan saxta və ədəbsiz məzmunlu vizualların hazırlanmasına imkan yaratdığını bildirərək hüquqi prosesə başlayıb.

London Ali Məhkəməsinə təqdim edilən iddia ərizəsində "Grok"un fərdi məlumatların qorunması qanunlarını pozduğu və şəxsi məlumatlardan sui-istifadə etdiyi iddia olunub. Deputat Asato süni intellekt tərəfindən razılığı olmadan ona bikini geyindirilməklə hazırlanan saxta fotoşəkillərinin mətbuata sızmasını şərəf və ləyaqəti alçaldan, hüquqları pozan bir hal kimi qiymətləndirib.

Asato həmçinin "Grok" vasitəsilə təkcə uyğunsuz fotolarının deyil, həm də özünün xloroformla bayıldılaraq cinsi təcavüzə hazırlandığını göstərən dəhşətli bir saxta videonun da hazırlandığını ifşa edib.

Bu məhkəməm iddiasının süni intellekt alətlərinin və onların tərtibatçılarının istifadəçilər tərəfindən yaradılan məzmunlara görə nə dərəcədə məsuliyyət daşıya biləcəyinə dair qlobal miqyasda bir nümunə təşkil edəcəyi gözlənilir. Özünə qarşı yönələn bu rəqəmsal hücumun qadınları və uşaqları hədəf alan bənzər qeyri-qanuni vizuallara qarşı səsini ucaltdıqdan dərhal sonra baş verdiyinə diqqət çəkən Asato məhkəmə işinin texnologiya nəhənglərinin ehtiyatsızlığına qarşı fərdi hüquqları yenidən bərpa edəcəyinə ümid etdiyini bildirib.

Millət vəkilinin vəkili Ravi Naik isə iddianın əsas məqsədinin çox aydın olduğunu ifadə edərək proqram təminatçılarının layihələndirdikləri və bazara çıxardıqları alətlərin nəticələrinə qatlaşmaq məcburiyyətində olduqlarını bəyan edib. Bənzər bir məhkəmə iddiası ötən aylarda Nyu-Yorkda, Maskın uşaqlarından birinin anası olan Aşli Sent Kler tərəfindən yetkinlik yaşına çatmadığı dövrə aid ədəbsiz süni intellekt vizuallarının yaradılması səbəbindən açılmışdı.

Süni intellekt platforması "Grok"un real qadınların və uşaqların fotoşəkillərindən istifadə edərək kütləvi şəkildə qeyri-etik məzmun istehsal etməsi Böyük Britaniyada siyasi böhrana yol açıb. Medianın tənzimlənməsi qurumu "Ofcom" hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayarkən, Baş nazir Keyr Starmer baş verənləri dəhşətli olaraq xarakterizə edib.

Artan ciddi təzyiqlərdən sonra "X" platforması "Grok"un real insan fotoşəkillərini dekolteli və ya açıq-saçıq geyimlərlə manipulyasiya etmək funksiyasını tamamilə bloklamaq məcburiyyətində qalıb. "Grok"un adının qarışdığı yeganə qalmaqal bununla da bitməyib.

Sistem daha əvvəl də iki polis əməkdaşını əsassız bir ittihamla əlaqələndirmiş və hədəf göstərilən polislərdən biri sosial mediadakı zorakılıq təhdidləri səbəbindən təhlükəsiz bir yerə qaçmalı olmuşdu. Qeyd edək ki, baş verən bütün bu rəqəmsal təhlükəsizlik zəifliklərinə və İlon Maskın Böyük Britaniyadakı ifrat sağçı qruplara verdiyi dəstəyə baxmayaraq, Britaniya hökumət rəsmiləri və bir çox millət vəkilləri "X" platformasından aktiv şəkildə istifadə etməyə davam edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu