Britaniyada kuryoz: Sifariş etdiyi jurnal 19 il sonra çatdırıldı
Böyük Britaniyanın Kral Poçtu ("Royal Mail") Çester şəhər sakininə abunə olduğu jurnalı 19 illik gecikmə ilə çatdırıb.
AFN.az BBC-yə istinadən xəbər verir ki, elmi-fantastik kitablar müəllifi olan 52 yaşlı Pol Edvards iyunun 5-də poçt qutusunda uşaq tərbiyəsinə dair məsləhətlərin yer aldığı "Mother & Baby" jurnalını tapıb.
P.Edvards bu jurnalı uzaq 2007-ci ildə – qızının 1,5 yaşı olanda və xanımı oğullarına hamilə olduğu dövrdə sifariş etdiyini bildirib. Hazırda onun övladlarının 18 və 20 yaşları var və hər ikisi universitetdə təhsil alır.
"Royal Mail" jurnalla bərabər üzərində "yaradılmış narahatlığa görə səmimi üzrxahlıq" yazılmış xüsusi qeyd də buraxıb. Hadisəni yumorla qarşılayan Edvards "X" sosial şəbəkəsində yazıb: "Düzünü desəm, o vaxt jurnalın gəlmədiyinin fərqinə belə varmamışdıq. İndi isə qəfildən poçt qutusundan çıxdı. Yazıblar ki, narahatlığa görə üzr istəyirik. Hansı narahatlıqdan söhbət gedir? Axı uşaqlar artıq böyüyüb evi tərk ediblər".
Qeyd edək ki, Pol Edvardsın bu barədə paylaşımı qısa müddətdə sosial şəbəkələrdə böyük marağa səbəb olub və 1,5 milyondan çox baxış sayı yığıb. Müvafiq dövlət qurumları isə son illər çatdırılma hədəflərini mütəmadi olaraq gecikdirən Kral Poçtu ilə bağlı araşdırmalara başlayıb.


