İranın bütün hava limanlarında uçuşlar növbəti bildirişə qədər ləğv edilib
İsrailin gecə saatlarında başlayan hücumlarından sonra İranın qərb hava məkanının bağlanmasının ardınca ölkə daxilindəki bütün uçuşların ləğv edildiyi bildirilib.
AFN.az xəbər verir ki, "Mehr" xəbər agentliyi İran Hava Limanları Şirkətinin yaydığı yazılı bəyanatı dərc edib.
Açıqlamada İran Mülki Aviasiya Təşkilatı tərəfindən yayımlanan NOTAM xəbərdarlığına uyğun olaraq, ölkənin qərb hava məkanının bağlanması səbəbindən ölkə miqyasındakı bütün hava limanlarından həyata keçiriləcək uçuşların növbəti bildirişə qədər ləğv edildiyi vurğulanıb.
İran ilə İsrail arasında davam edən qarşılıqlı hücumlar səbəbindən bu səhər Tehrandakı Mehrabad Hava Limanı, həmçinin Məşhəd və ölkənin qərb bölgələrindəki hava limanlarında bütün uçuşların dayandırıldığı elan edilmişdi.
Qeyd edək ki, qısa müddət əvvəl İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Xatəmül-Ənbiya" Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını bəyan etmişdi.


