Köhnə "Air Canada" pilotu 16 il ərzində müvafiq lisenziyasız uçuş etməkdə ittiham olunur



Kanada polisi köhnə bir "Air Canada" pilotunun illərlə müvafiq lisenziyaya sahib olmadan uçuş etmək əsası ilə ittiham olunduğunu elan edib.

AFN.az xəbər verir ki, Peel Bölgə Polisi tərəfindən verilən bəyanatda Ontario əyalətinin Berri şəhərində yaşayan Ceffri Vollun 2009-cu ilə 2025-ci illər arasında böyük kommersiya sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan lisenziyaya sahib olmadan kapitan pilot olaraq vəzifə yerinə yetirdiyi bildirilib.

59 yaşlı Vollun lazımi sənədi olmadan ölkədaxili və xarici ölkələrə 900-dən çox uçuş həyata keçirdiyi ifadə edilib.

"Air Canada" aviaşirkəti Vollun etibarlı bir kommersiya pilotu lisenziyasının olduğunu, lakin kapitan pilotluq üçün vacib olan hava nəqliyyatı pilotu lisenziyası tapılmamasına rəğmən bu vəzifəyə irəli çəkildiyini açıqlayıb.

Şirkət pilotun lazımi lisenziyaya sahib olmadığının aşkarlanmasından dərhal sonra aktiv xidmətdən kənarlaşdırıldığını və vəziyyətlə bağlı tənzimləyici qurum olan "Transport Canada"ya könüllü şəkildə məlumat verildiyini qeyd edib.

Həmçinin sözügedən pilotun artıq aviaşirkətlə heç bir əlaqəsinin qalmadığı vurğulanıb.

Digər tərəfdən, polis sənədlərin yoxlanılması zamanı qanunsuzluqların aşkarlandığını və "Transport Canada"nın cari ilin əvvəlində hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını bildirib.

"Air Canada" isə hadisə səbəbindən uçuş təhlükəsizliyinin riskə atılmadığını iddia edərək digər pilotlar üzərində aparılan yoxlamalarda hər hansı bir qayda pozuntusunun tapılmadığını bəyan edib.

Aviaşirkətin rəsmi açıqlamasında bildirilib ki, "Air Canada"dakı bütün pilotlar uçuş səriştələrini təsdiqləmək məqsədilə hər altı aydan bir məcburi dövri təlimlərdən keçirlər və bura sertifikatlı bir "Transport Canada" nəzarət pilotu ilə hər 12 aydan bir keçirilən uçuş yoxlanışı da daxildir.

Bu səbəbdən hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulmadığı iddia edilsə də, müvafiq lisenziyalaşdırmanın aviasiya sektorunun çoxşaxəli təhlükəsizlik yanaşmasının əsas elementi olduğu və şirkətin bu məsələyə olduqca ciddi yanaşdığı qeyd olunub.

Şirkət məxfilik qanunvericiliyi və davam edən məhkəmə araşdırması səbəbindən daha ətraflı məlumat verməkdən imtina edib.

Pilotun adını birbaşa çəkməyən aviaşirkət bu şəxsin kapitan pilot olmaq üçün doğru lisenziyaya sahib olmaması səbəbindən "Transport Canada" tərəfindən cərimələndiyini bildirib.

Bundan əlavə, polis təqsirləndirilən şəxsin oğurlandığı iddia edilən pilot sənədləri barədə hüquq-mühafizə orqanlarına əsassız və yalan məlumat verdiyini də diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu