Böyük Britaniya 12 yaşınadək uşaqların itlərlə tək qoyulmasını qadağan etməyə hazırlaşır



İngiltərə və Uelsdə "XL Bully" və digər təhlükəli it cinslərinə yönəlmiş yeni hüquqi tənzimləmə çərçivəsində 12 yaşından kiçik uşaqların bu heyvanlarla tək buraxılması qanunsuz hesab ediləcək.

AFN.az xəbər verir ki, bu qərar müəyyən təhlükəli it cinslərinin uşaqlara hücum etməsi hallarının artmasından sonra qəbul olunub.

Ötən il ailəsinə məxsus "XL Bully" cinsindən olan itin hücumuna məruz qalan 10 yaşlı qız uşağı və eyni cinsli itin dişlədiyi 9 aylıq körpə həyatını itirib.

Parlamentə təqdim olunan yeni qanun layihəsinə əsasən, uşaqları təhlükəli itlərlə nəzarətsiz qoyan şəxslərin cərimələnməsi və heyvanlarının müsadirə olunması nəzərdə tutulur.

Amerika pitbull növünə aid olan "XL Bully" olduqca güclü bədən quruluşu və 60 kiloqrama qədər çata bilən çəkisi ilə tanınır.

Ölkədə son vaxtlar baş verən çoxsaylı hücumlarda günahlandırılan bu cinsin saxlanılması 1991-ci il tarixli "Təhlükəli itlər haqqında qanun" çərçivəsində məhdudlaşdırılmışdı.

1 fevral 2024-cü il tarixindən etibarən isə xüsusi azadölçü sənədi (istisna sertifikatı) olmadan "XL Bully" cinsinə sahib olmaq cinayət məsuliyyəti yaradır.

Heyvanların Rifahı naziri Syu Heyman heç bir uşağın təhlükəli itlə əsla tək qoyulmaması lazım olduğunu bildirərək, bu qaydaların ilk növbədə uşaqların təhlükəsizliyini təmin etməyi hədəflədiyini vurğulayıb.

Qadağan olunmuş cinslərə aid və qanuni istisna çərçivəsində saxlanılan itlərin bəslənilməsinə dair mövcud məhdudiyyətlərin genişləndirilməsi ilə hazırlanan yeni qaydalar noyabrın 1-də qüvvəyə minəcək.

Heyvanların rifahı üzrə ekspertlər isə cinsindən asılı olmayaraq uşaqların itlərlə tək qoyulmaması barədə xəbərdarlıq edirlər.

Statistika göstərir ki, uşaqların böyüklərə nisbətən itlər tərəfindən dişlənmə ehtimalı daha yüksəkdir.

Kraliyyət Heyvanlara Qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyətinin (RSPCA) itlərin rifahı üzrə eksperti Dr. Samanta Qeyns it sahibi olan bütün valideynləri uşaqları və heyvanları əsla nəzarətsiz tək qoymamağa çağırıb.

İtlər və uşaqlar arasındakı bağın çox gözəl ola biləcəyini qeyd edən Qeyns, lakin ev heyvanları ilə azyaşlı uşaqların fərqli şəkildə ünsiyyət qurduğunu və itlər nə qədər yaxşı tanınsa da, bəzən gözlənilməz dişləmə hallarının yaşana biləcəyini xatırladıb.

Heyvanları mühafizə cəmiyyəti RSPCA "XL Bully" qadağasını dəstəkləmir və konkret it cinslərinin yasaqlanmasına qarşı çıxır.

Təşkilat bunun əvəzinə, məsuliyyətli heyvan sahibliyini təmin etmək məqsədilə it lisenziyalarının yenidən bərpa olunması kimi daha ciddi hüquqi tənzimləmələrin tətbiqini təklif edir.

Qeyns uşaqların dişlənmə riskinin böyüklərdən daha çox olduğunu, bu səbəbdən tənzimləmənin əsas məntiqi ilə razılaşdıqlarını bildirib.

Lakin bu məhdudiyyətin yalnız qanun çərçivəsindəki müəyyən itlərə tətbiq edilməsinin bəzi itlərin yalnız xarici görünüşünə görə təhlükəli olduğu fikrini gücləndirdiyini və bundan təəssüf hissi keçirdiklərini əlavə edib.

Qeyns qadağan olunub-olunmamasından asılı olmayaraq hər bir itin dişləmə potensialı daşıdığını vurğulayıb.

Böyük Britaniyada it hücumlarının sayında artım tendensiyası davam edir.

İngiltərə və Uelsdə qadağanın qüvvəyə mindiyi 2024-cü ildə insanlara qarşı 31920 it hücumu qeydə alınıb. Bu göstərici 2023-cü illə müqayisədə 2 faizlik artım deməkdir.

2025-ci ilə aid rəsmi statistika isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2024-cü ildə qüvvəyə minən qanunlar lisenziyasız "XL Bully" bəsləməyi cinayət hesab etməklə yanaşı, bu cinsdən olan itlərin satılmasını, tərk edilməsini, xalta və ağızlıq olmadan ictimai yerlərdə gəzdirilməsini də qadağan edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu