İnfantinodan tənqidlərə cavab: Bir az sakit olun



Dünya Çempionatının başlamasına saatlar qalmış təşkil olunmuş mətbuat konfransında çıxış edən FİFA Prezidenti Canni İnfantino turnirə qarşı immiqrasiya, bilet qiymətləri və viza problemləri ilə bağlı yönəldilən tənqidlərə "Sakit olun və rahatlaşın" deyərək cavab verib.

AFN.az xəbər verir ki, turnirin ev sahiblərindən biri olan Amerika Birləşmiş Ştatları ilə müharibə şəraitində olan İranın çempionatda iştirakını özündən başqa heç kimin təmin edə bilməyəcəyini iddia edən İnfantino FİFA rəhbərliyini qətiyyətli şəkildə müdafiə edib.

Meksikanın paytaxtı Mexikoda keçirilən toplantıda 35 dəqiqəlik çıxış edən 56 yaşlı İnfantino medianın diqqətini futbola yönəltməsini istəyib.

Şəffaflığın çatışmazlığına görə tənqid olunan FİFA prezidenti bilet qiymətləri, İranın vəziyyəti və ABŞ-nin immiqrasiya məhdudiyyətləri daxil olmaqla üç əsas mövzuya toxunub.

Turnirin 104 oyunundan 78-nə ev sahibliyi edəcək ABŞ-nin dörd iştirakçı ölkənin azarkeşlərinə səyahət qadağası tətbiq etməsi və somalili hakim Omar Artanın Mayami hava limanından ölkəyə daxil olmasına icazə verilməməsi narazılıqlara səbəb olub.

Yaşanan viza böhranından sonra Birləşmiş Millətlər Təşkilatı ABŞ-ni miqrasiya siyasətinə yenidən baxmağa çağırıb.

Tənqidlərə cavab verən İnfantino ABŞ-nin öz sərhədlərinə nəzarət etmək hüququnu müdafiə edərək ayda deyil, Yer planetində yaşadıqlarını, hökumətləri və hüquq-mühafizə orqanlarını idarə edə biləcək dünya kralları olmadıqlarını qəbul etmək məcburiyyətində qaldıqlarını bildirib.

O, FİFA-nın əlindən gələni edən bir idman təşkilatı olduğunu vurğulayaraq bəzən bir az sakitləşməyin və rahatlaşmağın lazım olduğunu, hər bir mövzu üzərində işlədiklərini və qışqırıb-bağırmağın heç bir problemə həll yolu gətirməyəcəyini ifadə edib.

FİFA-nın bilet qiyməti siyasətinə yönələn tənqidləri də cavablandıran İnfantino bu günə qədər 6 milyondan çox biletin satıldığını və tələbatın görünməmiş bir səviyyəyə çatdığını qeyd edib.

Qiymətlərin daha aşağı saxlanılacağı təqdirdə biletlərin qara bazarda yenidən satılacağını müdafiə edən FİFA prezidenti əldə olunan gəlirlərin Cənubi Sudan və Butan kimi futbola investisiya qoyulmayan yoxsul ölkələrə köçürüldüyünü deyib.

O, Dünya Çempionatı biletlərinin 60 dollarlıq başlanğıc qiyməti ilə ABŞ-dəki digər idman yarışlarının pley-off mərhələlərinə nisbətən daha ucuz olduğunu da əlavə edib.

İran milli komandasının texniki heyətindən bir çox şəxsə ABŞ vizasının verilməməsinə və komandanın hazırlıq düşərgəsini Meksikaya köçürmək məcburiyyətində qalmasına baxmayaraq, İnfantino İranın turnirdə yer almasını FİFA-nın bir uğuru kimi qiymətləndirib.

Mart ayında Türkiyədə İran komandasına baş çəkdiyini bildirən İnfantino prosesin idarə olunmasındakı töhfələrinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Tramp ilə çox yaxşı münasibətləri olduğunu vurğulayan İnfantino onun qətiyyəti və dəstəyi olmadan ABŞ-də Dünya Çempionatı təşkil etməyin qeyri-mümkün olacağını ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu