BBC 500 milyon funt-sterlinqlik qənaət planı çərçivəsində 550 nəfəri işdən çıxaracaq



Böyük Britaniyanın ictimai yayımçısı BBC növbəti 2 ildə qurum daxilində 500 milyon funt-sterlinq qənaət təmin etməyi hədəfləyən planın ilk mərhələsi çərçivəsində 550 nəfərin işinə son veriləcəyini elan edib.

AFN.az xəbər verir ki, BBC News-un müvəqqəti baş icraçı direktoru Conatan Munro əməkdaşlara göndərdiyi rəsmi məktubda sözügedən ixtisarların xəbər, Şotlandiya, Uels və Şimali İrlandiya yayım bölmələri ilə yanaşı, televiziya və radio məzmunu departamentlərini də əhatə edəcəyini bildirib.

Munro qənaət planı çərçivəsində "Radio 4"ün "The World Tonight" proqramının fəaliyyətinin dayandırılacağını, "Today" verilişindəki daimi aparıcı sayının sentyabr ayından etibarən 5-dən 4-ə endiriləcəyini və şənbə günləri proqramın tək aparıcı ilə təqdim olunacağını qeyd edib.

"BBC One" kanalında yayımlanan "Breakfast" verilişinin də sentyabrdan etibarən bazar günləri efirə çıxmayacağını çatdıran Munro, "Sunday with Laura Kuenssberg" və "Newsnight" proqramlarının istehsalçı komandalarının isə birləşdiriləcəyini ifadə edib.

O, açıqlanan planın xəbər şöbəsində 200 nəfərin işini itirməsinə səbəb olacağını və bu xüsusda 25 milyon funt-sterlinq qənaət ediləcəyini vurğulayıb.

Təxminən 21 min 500 tam ştatlı işçisi olan BBC gəlirlərinin böyük hissəsini televiziya lisenziya rüsumlarından əldə edir, lakin son illərdə satılan lisenziyaların sayında ciddi azalma müşahidə olunur.

BBC-nin baş direktoru Mett Brittin də işçilərə göndərdiyi ismarışda açıqlanan ixtisarların ümumi 500 milyon funt-sterlinqlik hədəfin təxminən 160 milyon funt-sterlinqlik hissəsini qarşılamağı nəzərdə tutduğunu diqqətə çatdırıb.

Brittin sözügedən plan çərçivəsində ümumilikdə işçi sayının təxminən 1800-2000 nəfər azaldılmasının proqnozlaşdırıldığını bildirib.

Baş direktor qənaətin miqyasının çətin qərarlar və diqqətli iş tələb etdiyini, bu addımların hamısının eyni vaxtda tam hazır olmayacağını qeyd edib.

BBC rəhbərliyində yuxarı eşelon menecerlərinin sayında da 10 faiz azalmaya gediləcəyini bəyan edən Brittin yaxın aylarda korporativ şöbələr də daxil olmaqla yeni qənaət tədbirlərinin elan ediləcəyini və bu çərçivədə təxminən 700 ştatın ləğv olunmasının gözlənildiyini əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu