ABŞ və Qətər İranın dondurulmuş fondları ilə bağlı plan hazırlayır
ABŞ ilə Qətərin dondurulmuş milyardlarla dollarlıq fondun İranın humanitar yardım xərcləri üçün istifadə edilə biləcək vəziyyətə gətirilməsinə dair plan üzərində işlədikləri iddia edilib.
AFN.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin yaydığı məlumata görə, mövzu ilə bağlı məlumatı olan mənbələr ABŞ-ın Qətər ilə birlikdə erkən maliyyə stimulu olaraq, dondurulmuş milyardlarla dollarlıq fondun İranın humanitar yardım xərcləri üçün istifadəyə verilməsinə yönəlmiş plan hazırladıqlarını irəli sürüblər.
Hələlik tam olaraq yekunlaşmamış planın ilk növbədə Qətərdə saxlanılan 6 milyard dollardan başlayaraq, İranın dünya miqyasında dondurulmuş təxmini 100 milyard dollarlıq nağd varlığının bir hissəsinə çıxışını təmin etməyi hədəflədiyi iddia olunub.
Razılaşma çərçivəsində Qətərin İran Mərkəzi Bankının sifariş etdiyi qida, dərman və digər humanitar yardım ləvazimatlarının dondurulmuş İran aktivlərindən çıxarılan pulla satın alınmasına icazə verəcəyi önə sürülüb və bu aktivlərin sanksiyalar səbəbindən xaricdə bloklanmış neft satışından əldə edilən nağd vəsaitlərdən ibarət olduğu qeyd edilib.
Bu planın müharibəyə ara verilməsi və Hörmüz boğazının yenidən açılmasına dair anlaşmanın ardınca ABŞ-ın İran ilə növbəti iki ay ərzində aparacağı danışıqlarda gündəmə gətirməsi gözlənilən bir çox təklifdən biri olduğu diqqətə çatdırılıb.


