Alzheimer riskinə dair ilk ipucları gözlərdə gizli ola bilər



Son illərdə aparılan elmi tədqiqatlar göz sağlamlığı ilə Alzheimer xəstəliyi arasındakı bağı hər keçən gün daha güclü sübutlarla ortaya qoyur.

AFN.az xəbər verir ki, keçirilən yeni bir araşdırma gözün torlu qişasının (retina) fotoşəkillərinin bir insanın Alzheimer xəstəliyinə yaxalanma riskini, xəstəlik əlamətləri hələ ortaya çıxmazdan illər əvvəl müəyyən etməyə kömək edə biləcəyini göstərir.

Gözün arxa hissəsində yerləşən və işığa həssas bir toxuma olan torlu qişa çox sayda sinir hüceyrəsi qatını barındırır.

Ekspertlər bu bölgədə meydana gələn dəyişikliklərin beynin dərinliklərində inkişaf etməkdə olan və hələ kənardan fərq edilə bilməyən problemlərin ən aydın xəbərçisi ola biləcəyini qeyd edirlər.

Florida Universitetinin biotibbi mühəndisi Ruoqu Fanqın rəhbərlik etdiyi tədqiqat qrupu geniş bir məlumat bazasından yararlanaraq 40 mindən çox iştirakçıya aid təxminən 63 min torlu qişa fotosunu süni intellekt texnologiyası ilə araşdırıb.

İnkişaf etdirilən dərin öyrənmə modelləri yaş, cinsiyyət, siqaret istifadəsi, yuxu rejimi, depressiya və qan təzyiqi kimi Alzheimer riski ilə birbaşa bağlı olan bir çox faktoru analiz edib.

Əldə edilən nəticələrə görə, gələcək illərdə Alzheimer diaqnozu qoyulacaq şəxslərin torlu qişalarında çox incə struktur dəyişiklikləri təsbit edilib.

Xüsusilə kapilyar damarlardakı daralmalar, damar sərtləşməsi, damar sıxlığının azalması və görmə sinirinin nazilməsi kimi göz qocalması əlamətlərinin Alzheimerin inkişaf riski ilə paralel getdiyi müşahidə olunub.

Mütəxəssislər mövcud diaqnoz metodlarının adətən xəstəliyin gecikmiş mərhələlərinə və müdaxilə etmək üçün çox gec qalınan dövrlərə fokuslandığına diqqət çəkirlər.

Torlu qişa sağlamlığı kimi yeni nəsil bioloji göstəricilərin araşdırılması isə risk altındakı xəstələrin çox erkən dövrdə müəyyən edilməsinə, lazımi testlərin vaxtında aparılmasına və həyat tərzi dəyişiklikləri ilə bu riskin azaldılmasına şərait yaradır.

Torlu qişa fotoları günümüzdə şəkərli diabet, qlaukoma və ya katarakta xəstələri üçün onsuz da rutin olaraq çəkilir.

Bu görüntülərin eyni zamanda demans riskinə dair ipucları daşıması beyin xəstəliklərinin gedişatını izləmək üçün olduqca ucuz və əlçatan bir məlumat mənbəyi təqdim edir.

Hətta torlu qişanın təkcə beyin deyil, ümumi bədən sağlamlığı və sümük quruluşu haqqında da məlumat verən inteqrasiya olunmuş bioloji sensor kimi işləyə biləcəyi ifadə edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu