İranda ölkənin bütün ərazisində aviasiya əlaqəsi bərpa edilib
İran hakimiyyəti ölkənin qərb hissəsində aviasiya əlaqəsini tamamilə bərpa edib və tranzit reyslərin həyata keçirilməsinə icazə verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Buna qədər uçuşların yerinə yetirilməsinə yalnız İranın şərq hissəsində icazə verilirdi.
"Ölkənin şərq hissəsində olduğu kimi, qərb hissəsinin də hava məkanı sutka ərzində operativ rejimdə fəaliyyət göstərməyə başlayıb. Daxili reyslərlə yanaşı, ölkənin hava məkanı vasitəsilə tranzit uçuşların həyata keçirilməsi üçün də zəruri şərait yaradılıb", – deyə təşkilatın bəyanatında bildirilir.
Qeyd olunub ki, ölkənin bütün hava limanları aeronaviqasiya məlumatları məcmusunda göstərilən şərtlərə və qaydalara uyğun olaraq aviasiya fəaliyyətini tam şəkildə həyata keçirə bilərlər.
