Telefonuna kiber müdaxilə edilən qadının adına 18 min manat kredit rəsmiləşdirilib
Vəkil Aqil Layıc kiberdələduzluq nəticəsində zərər çəkdiyini iddia etdiyi vətəndaşın işi ilə bağlı diqqətçəkən açıqlama verib.
AFN.az xəbər verir ki, o, övladlarını tək böyüdən və məhdud gəlirlə yaşayan bir qadının adına kiber müdaxilə yolu ilə 18 min manat kreditin rəsmiləşdirildiyini deyib.
"Bir tanış xanım var. Övladlarını tək böyüdür. Əmək haqqı bu aydan növbəti aya zorla çatır. M10 üzərindən onun telefonuna kiber müdaxilə olunub, adına 18 min manat Kapital Bank üzərindən kredit rəsmiləşdirilib və dəqiqələr içində məbləğ naməlum istiqamətdə köçürülüb. Əslində benefisiar da məlumdur ki, M10 üzərindən məbləğ filan şəxsə gedib. Bu xanım heç bir zaman M10 istifadəçisi olmayıb. M10 da telefonuna kiber cinayətkarlar tərəfindən yazılıb", – deyə vəkil bildirib.
A.Layıcın sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır. O bildirib ki, müdaxilənin Gürcüstan nömrəsi vasitəsilə türklər tərəfindən həyata keçirildiyi müəyyən edilib. Vəkil qeyd edib ki, qadına zəng edən şəxslərin səs yazıları mövcuddur və həmin danışıq zamanı kredit əməliyyatının həyata keçirildiyi iddia olunur.
"Həmin müdaxilə edən şəxslərin səs yazıları var ki, xanıma zəng edərək başqa mövzuda danışıblar və həmin ərəfədə kredit rəsmiləşdiriblər", – deyə o vurğulayıb.
A.Layıc ekspertiza rəylərinin də iddialarını təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, araşdırma zamanı zərərçəkənin telefonuna müdaxilə anında üç naməlum qurğunun qoşulduğu müəyyənləşdirilib.
"Ekspertiza müəyyən edib ki, xanımın telefonuna həmin müdaxilə zamanı 3 naməlum qurğu qoşulub və OTP kodlarının hansı qurğu tərəfindən daxil edildiyi məlum deyil", – deyə vəkil qeyd edib.
Qadının kredit götürmək niyyəti olmayıb və hadisədən dərhal sonra hesablarının olduğu banka məlumat verib. Vəkil həmçinin vurğulayıb ki, hüquqi baxımdan hər hansı müqavilənin yaranması üçün tərəfin iradəsi və bəyanı olmalıdır:
"Hüquqda hər kəs bilir ki, müqavilənin mövcud olması üçün iradə və bəyan olmalıdır. Niyyət olmalıdır", – deyə A.Layıc bildirib.
Vəkil daha sonra məhkəmə qərarını tənqid edib. Onun sözlərinə görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi təqdim olunan faktlara baxmayaraq iddianı təmin etməyib: "İşin gülməli və acınacaqlı tərəfi ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bütün bu faktlara əsasən iddiamızı rədd elədi. Düz 9 ay proses getdi. Ekspert rəyindən sonra bu iş dərhal yekunlaşmalı idi. Nədənsə məhkəmə işi yekunlaşdırmırdı".
A.Layıc hesab edir ki, son günlər bank kartları ilə bağlı qeydə alınan kiberinsidentlər də bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir: "Dünən baş verən bank kartlarına kiberhücum da bir daha sübut edir ki, bu sahədə ciddi kiberboşluqlar var. Zərər görən isə ehtiyac içində olan vətəndaşlardır. Banklara qarşı iddialar isə əsassız şəkildə məhkəmələr tərəfindən rədd edilir". O bildirib ki, məhkəmə qətnaməsinin tam mətnini əldə etdikdən sonra iş üzrə əlavə məlumat paylaşacaq.

