"Azericard"ın müdafiə mexanizmi mövcud deyil, yoxsa təkmil deyil?


Ötən gün ABB, "AccessBank", "ExpressBank", "Yelo Bank" və digər bankların müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ilə bağlı hallar qeydə alınıb. Bu bankların ortaq cəhəti ondan ibarətdir ki, hamısı "Azericard" prosessinq mərkəzinə bağlıdır.

AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, ABB problemi "3-cü tərəf provayderi" ilə bağlı texniki nasazlıqla izah edib, "Azericard" baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin "Azericard"dan asılı olmadığını bildirib, Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən qaynaqlandığını və ödəniş infrastrukturunda hər hansı problemin olmadığını açıqlayıb: "Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Halbuki ictimai etimad baxımından ən vacib məqam da məhz budur.

Bəs bu, oğurluqdur, yoxsa sistem xətası?

Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və Mərkəzi Bankın açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiberhücum deyil. Silinən məbləğlər təsadüfi deyil, real əməliyyatların təkrarından ibarətdir. Vəsaitlər dərhal geri qaytarılır, balanslar isə avtomatik bərpa olunur. Bu da göstərir ki, söhbət oğurluqdan deyil, əməliyyatların dublikasiyasından gedir. Yəni "pulu aparan" kənar şəxs və ya kibermüdaxilə deyil, bankların öz informasiya sistemidir.

Kimdir günahkar?

Bir neçə müstəqil bankın eyni vaxtda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq elementlər ikidir: Mərkəzi Bankın hesablaşma infrastrukturu və "Azericard" prosessinq sistemi.

Mərkəzi Bank öz infrastrukturunda problem olmadığını birmənalı şəkildə açıqladığına görə, məntiqi baxımdan ortaq element kimi "Azericard" qalır. Bu qurumun "hadisə mənim ərazimdə baş verib, amma günah məndə deyil" məzmunlu dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emal prosesindən qaynaqlandığına işarə edir. Üstəlik, hesablaşma zəncirində hər hansı anomaliya yaranırsa, sistem bunu dərhal aşkarlamalı və bloklamalı idi.

Anomaliyanın vaxtında aşkarlanmaması və təkrar əməliyyatların eyni anda bir neçə banka təsir göstərməsi onu göstərir ki, belə kritik əhəmiyyət daşıyan qurumda bu mexanizmlər ya mövcud deyil, ya da kifayət qədər təkmil deyil".

O.Gündüz qeyd edib ki, belə bir xətadan sonra Mərkəzi Bank daha sərt addımlar atmalı idi: "Problem ABB-də və ya digər banklarda deyil, məhz Mərkəzi Bankın nəzarəti və lisenziyası altında fəaliyyət göstərən qurumda – "Azericard"da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar yaşanıb. Ümid edirəm ki, Mərkəzi Bank hadisəni ətraflı araşdıracaq və ciddi audit təşkil edəcək.

Banklardan isə zərər çəkən müştərilərə qarşı həssas yanaşma gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu