DÇ azarkeş zonasına silahlı hücum: ölən və yaralanan var
ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində 2026-cı il futbol üzrə dünya çempionatının oyunlarının izlənilməsi üçün təşkil olunmuş azarkeş zonasının yerləşdiyi San Pedro Square meydanında atışma baş verib.
AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
San-Xose Polis İdarəsinin yaydığı məlumata görə, ölən şəxs hadisə yerində həyatını itirib, ikinci zərərçəkən isə həyati təhlükə yaradan xəsarətlərlə tibb müəssisəsinə yerləşdirilib. Polis faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə istintaqa başlayıb.
Hadisədən sonra San Pedro Square və ətraf küçələr mühasirəyə alınıb, bir sıra yollar bağlanıb, yaxınlıqdakı bar və əyləncə məkanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Məlumata görə, atışma baş verən anda azarkeş zonasında dünya çempionatının oyunu yayımlanmırdı. Günün yeganə qarşılaşması bir neçə saat əvvəl başa çatmış olub.
Qeyd edək ki, San Pedro Square San-Fransisko körfəz bölgəsində dünya çempionatı üçün yaradılmış əsas ictimai izləmə məkanlarından biridir. Burada turnir ərzində böyük ekranlarda oyunlar nümayiş etdirilir və hər gün minlərlə futbol azarkeşi toplaşır. Hadisəni törədən şəxs və ya şəxslər barədə hələlik rəsmi məlumat açıqlanmayıb. İstintaq davam edir.



