Messidən Dünya Kubokunda yeni rekord: Ardıcıl 7 oyunda qol vuran ilk futbolçu oldu
Argentinalı ulduz Lionel Messi 2026-cı il Dünya Kubokunun J qrupunun son oyununda İordaniyaya qarşı ikinci hissədə meydana daxil olaraq tarixə düşüb.
AFN.az xəbər verir ki, Messi turnir tarixində ardıcıl yeddi Dünya Kuboku oyununda qol vurmağı bacaran ilk futbolçu ünvanını əldə edib.
Argentinanın İordaniyanı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 80-ci dəqiqəsində cərimə meydançasından kənardan qazandığı cərimə zərbəsini qola çevirən 39 yaşlı futbolçu Dünya Kuboku tarixindəki ümumi qol sayını 19-a çatdıraraq kişilər kateqoriyasındakı rekordunu təkrarlayıb.
Bu qol Messinin karyerasındakı 72-ci, Argentina milli komandası forması ilə isə 12-ci cərimə zərbəsi qolu kimi qeydə alınıb.
Ulduz oyunçu milli komanda forması ilə çıxdığı 202-ci oyunda qol sayını 123-ə çatdıraraq beynəlxalq qol krallığı siyahısında Kriştianu Ronaldunun (145 qol) ardından ikinci pillədəki mövqeyini qoruyur.
Messi bu uğurdan əvvəl Dünya Kubokunda ardıcıl altı oyunda qol vuran fransalı hücumçu Jüst Fonten və braziliyalı əfsanə Jairzinho ilə bu ünvanı paylaşırdı.
İordaniya qarşısında vurduğu qolla hər iki ismi geridə qoyan təcrübəli oyunçu təkbaşına zirvəyə yüksəlib.
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni matçdan sonra təşkil edilən mətbuat konfransında Messinin performansı ilə bağlı suallara "Sizin gördüyünüzü mən də görürəm. Bu barədə mənə hər dəfə sual veriləndə artıq nə deyəcəyimi bilmirəm" cavabını verib.
Argentinanın qrupdan lider kimi çıxmağı təmin etməsi və İordaniyanın turnirdən kənarlaşması səbəbindən Messi qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.
Texasdakı "Dallas Cowboys" stadionunu dolduran 70 min 649 tamaşaçı ikinci hissənin başlaması ilə birlikdə Messinin lehinə şüarlar səsləndirməyə başlayıb.
Ulduz oyunçunun isinmə hərəkətlərinə başlaması ilə arenada böyük coşğu yaşanarkən, 60-cı dəqiqədə Lautaro Martinesin yerinə meydana daxil olması alqış tufanına səbəb olub.
Daha əvvəl səkkiz dəfə "Qızıl top" qazanan, lakin karyerasında heç vaxt Dünya Kubokunun bombardiri ("Qızıl buts") ola bilməyən Messi bu turnirdə vurduğu 6 qolla bombardirlik yarışında Kilian Mbappe, Vinisius Junior və Erlinq Haalandı qabaqlayaraq birinci sırada qərarlaşıb.
Turnirdən əvvəl "İnter Mayami" forması geyinərkən yüngül əzələ zədəsi alan və risk edilməyən Messi üçün baş məşqçi Skaloni "Bu gün 90 dəqiqə oynaya bilərdi, lakin həm komanda yoldaşlarının şans qazanmasını istədi, həm də qarşıdakı kritik oyunlar üçün özünü qorudu. O, insanların danışdığı statistikaları çox da düşünmür" deyib.
Qrupdan lider kimi çıxan Argentina 1/16 final mərhələsindəki ilk oyununu cümə günü Cənubi Floridada keçirəcək.

