NASA Swift teleskopunu xilas etmək üçün robot göndərəcək
NASA sürətlə hündürlük itirən və atmosferin sıx qatlarına daxil ola biləcək Swift kosmik rəsədxanasının xilas edilməsi üçün təcili missiya hazırlayır və bu əməliyyatın dəyəri 30 milyon dollar qiymətləndirilir.
AFN.az xəbər verir ki, bu barədə iyunun 28-də "Science X" xəbər portalı məlumat yayıb.
"Link" adlı xilasedici robotun buraxılışı çərşənbə axşamı, iyunun 30-da "Pegasus" raketinin köməyi ilə baş tuta bilər.
2004-cü ildə buraxılmış Swift aparatı artan günəş aktivliyi səbəbindən aşağı enməyə başlayıb. Fevral ayında NASA onun enməsini ləngitmək üçün elmi alətlərini söndürsə də, hazırda rəsədxana təxminən 360 km hündürlükdə yerləşir.
Əgər o, 600 km-ə qədər qaldırılmasa, oktyabr ayına qədər kritik 300 km həddinə çatacaq və bundan sonra onun xilas edilməsi qeyri-mümkün olacaq.
"Katalyst Space Technologies" startapının baş direktoru Qonxi Li bildirib ki, bu, oxşar tapşırığı yerinə yetirmək üçün yola düşəcək ilk Amerika kosmik robotudur.
O, NASA-nın çoxlu sayda köhnə rəsədxanalarının olduğunu və bu missiya ilə onların arsenalında yeni bir alətin peydə olduğunu sübut etdiklərini vurğulayıb.
Kiçik bir soyuducu ölçüsündə olan "Link" robotu üç manipulyatorla təchiz edilib.
Plana görə, onun Swift ilə yaxınlaşması üçün təxminən bir ay, teleskopu hədəf orbitə qaldırmaq üçün isə daha iki ay vaxt lazım olacaq və uğur qazanılarsa, rəsədxana sentyabr ayına qədər fəaliyyətini bərpa edəcək.
Əməliyyatın mürəkkəbliyi ondadır ki, Swift kosmosda təmir edilmək və ya manipulyatorlarla tutulmaq üçün layihələndirilməyib.
NASA-nın elmi missiyalarının rəhbəri Niki Foksun sözlərinə görə, əgər alimlər Swift aparatının atmosferə daxil olmasına icazə versələr, teleskop itiriləcək. O qeyd edib ki, hazırda yeni aparatın tikintisi üçün büdcə yoxdur.
NASA-nın astrofizika üzrə direktoru Şon Domaqal-Qoldman isə öz növbəsində layihənin ilkin mərhələdə şübhələr doğurduğunu etiraf edib.
NASA-dan vurğulayıblar ki, Swift xüsusilə qamma-şüalanma partlayışlarına və ulduz partlayışlarına sürətli reaksiya vermək bacarığı ilə çox dəyərlidir.
Missiya uğurla başa çatacağı təqdirdə, 2028-ci ildə oxşar xilasetmə üçün növbəti namizəd günəş partlayışları səbəbindən hündürlük itirən Hubble teleskopu ola bilər.



