“AzerGold”dan qızıl hesabat: Parlaq rəqəmlərin acı gerçəkləri…


“AzerGold” QSC 2025-ci il üzrə maliyyə hesabatını rekord göstəricilərlə təqdim edib. Şirkətin açıqladığı rəqəmlərə görə, satış gəlirləri 46 faiz, EBITDA 58,5 faiz, xalis mənfəət isə 148,5 faiz artıb. İlk baxışda bu göstəricilər şirkətin fəaliyyətində ciddi irəliləyiş təəssüratı yaradır. Lakin PwC-nin audit hesabatı və konsolidə maliyyə hesabatlarının detallı təhlili göstərir ki, maliyyə nəticələrinin arxasında diqqət tələb edən bəzi struktur risklər və davamlılıqla bağlı suallar da mövcuddur. 

Gəlirlərin əsasını dünya bazarındakı bahalaşma təşkil edir


2025-ci ildə satış gəlirləri 182,69 milyon ABŞ dollarından 266,45 milyon dollara yüksəlib. Maliyyə hesabatından da görünür ki, artımın əsas hissəsi qlobal bazarda qızılın qiymətinin yüksəlməsi ilə bağlıdır. Hesabatda qızıl qiymətlərinin təxminən 37% artdığı, fiziki satış həcminin isə cəmi 4% yüksəldiyi qeyd olunur.

Bu isə onu göstərir ki, gəlirlərdəki artım daha çox əlverişli bazar konyunkturasının nəticəsidir. Şirkətin diversifikasiya istiqamətində təqdim etdiyi fəaliyyət də hələlik məhdud təsir göstərir. Məsələn, "AzerBlast"ın ümumi satış gəlirlərində payı təxminən 3% təşkil edib. Eyni zamanda, satışların maya dəyəri də artmaqda davam edib. 2024-cü ildə 114,55 milyon dollar olan göstərici 2025-ci ildə 126,74 milyon dollara çatıb. Bu, 10,64% və ya 12,19 milyon dollarlıq artım deməkdir. Artımın əsas səbəbləri kimi material xərclərinin 7,68 milyon dollar, mədən vergisinin isə 2,43 milyon dollar yüksəlməsi göstərilir. Bu isə sual yaradır: əgər qızılın qiymətində belə yüksək artım baş verməsəydi, şirkət eyni maliyyə nəticələrini əldə edə bilərdimi?

10 milyon dollardan çox dəyərsizləşmə


Maliyyə hesabatında diqqətçəkən məqamlarından biri kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə tanınmış dəyərsizləşmə zərəridir. Əgər 2024-cü ildə this göstərici 1,43 milyon ABŞ dolları idisə, 2025-ci ildə 10,43 milyon dollara yüksəlib. Göydağ, Tutxun, Çaykənd, Kəpəz, Narçala, Başkənd, Nəsirvaz və Zod layihələri üzrə aktivlərin dəyərsizləşməsi qeydə alınıb.

Təsadüfi deyil ki, PwC məhz bu məsələni audit hesabatında "əsas audit məsələsi" kimi təqdim edib. Auditor qeyd edir ki, belə aktivlərin qiymətləndirilməsi rəhbərliyin proqnozları və peşəkar mühakimələrindən əhəmiyyətli dərəcədə asılıdır. Bu qədər böyük həcmdə dəyərsizləşmə isə həmin layihələrin iqtisadi perspektivləri və gələcək səmərəliliyi ilə bağlı suallar yaradır.

Aktivlər artır, amma bunun mənbəyi nədir?


2025-ci ilin sonunda ümumi aktivlər 573,62 milyon ABŞ dollarına çatıb. Pul vəsaitləri və onların ekvivalentləri isə bir il ərzində 16,12 milyon dollardan 129,34 milyon dollara yüksəlib. Bu artım likvidlik baxımından müsbət qiymətləndirilə bilər. Bununla yanaşı, hesabat pul vəsaitlərinin hansı hissəsinin əməliyyat fəaliyyətindən, hansı hissəsinin ise investisiya və maliyyələşdirmə əməliyyatlarından formalaşdığı barədə əlavə izaha ehtiyac yaradır.

Digər diqqətçəkən məqam isə nizamnamə kapitalıdır. 2024-cü ildə 36,47 milyon dollar olan nizamnamə kapitalı 2025-ci ildə 163,71 milyon dollara yüksəlib. Maliyyə hesabatında əlavə kapital qoyuluşlarından transferlər də göstərilib. Bu vəziyyət kapital artımının hansı hissəsinin yeni maliyyə qoyuluşu, hansı hissəsinin isə daxili yenidən təsnifat nəticəsində yarandığı barədə suallar doğurur.

Borc azdır, öhdəliklər qalır


Şirkətin borc/kapital nisbəti 0,04 səviyyəsindədir ki, bu da aşağı göstərici hesab olunur. Bununla belə, konsolidə hesabatda ümumi öhdəliklərin 84,58 milyon ABŞ dolları olduğu görünür. Ətraf mühitin bərpası üzrə öhdəliklər 16,15 milyon dollar təşkil edir. Bundan əlavə, icarə və digər uzunmüddətli öhdəliklər də mövcuddur. Bu səbəbdən yalnız borc/kapital nisbətinə əsaslanaraq şirkətin bütün maliyyə risklərinin aşağı olduğunu söyləmək mümkün deyil.

Törəmə şirkətlər fərqli nəticələr göstərir


Konsolidə hesabat göstərir ki, bütün törəmə müəssisələr eyni nəticə əldə etməyib. Belə ki, "Daşkəsən Dəmir Filiz" MMC ili 1,36 milyon ABŞ dolları zərərlə başa vurub. "AzerBlast" isə mənfəət əldə etsə də, bu göstərici 1,83 milyon ABŞ dolları səviyyəsində qalıb. Bu rəqəmlər gəlirlərin əsas hissəsinin hələ də qızıl hasilatı və satışından formalaşdığını göstərir.

Pul axınları müsbətdir, lakin...


2025-ci ildə əməliyyat fəaliyyətindən daxil olan pul axını 140 milyon ABŞ dollarını ötüb ki, bu da maliyyə baxımından mühüm üstünlükdür. Bununla yanaşı, investisiya fəaliyyətində kəşfiyyat işlərinə, əsas vəsaitlərə və birgə müəssisələrə əhəmiyyətli vəsait yönəldilib. Hesabatda depozit əməliyyatlarının həcmi də diqqət çəkir. Bu vəsaitlərin uzunmüddətli gəlirliliyə necə təsir göstərəcəyi növbəti illərin maliyyə nəticələrində daha aydın görünəcək.

Hesabata ümumi baxış belədir ki, 2025-ci il maliyyə nəticələri şübhəsiz ki, əvvəlki illə müqayisədə daha yüksək göstəricilər nümayiş etdirir. Lakin sənəd özlüyündə bir sıra mühüm suallar da yaradır. Qızılın dünya bazar qiymətləri əvvəlki səviyyəyə qayıdarsa, hazırkı mənfəətlilik qorunacaqmı? 10,43 milyon dollarlıq dəyərsizləşmədən sonra digər kəşfiyyat layihələrində oxşar risklər mövcuddurmu? Kapital artımının hansı hissəsi yeni maliyyə qoyuluşları hesabına formalaşıb? Diversifikasiya istiqamətində əldə olunan nəticələr gələcəkdə əsas gəlir mənbəyinə çevrilə biləcəkmi? Məhz bu suallara veriləcək cavablar "AzerGold"un 2025-ci il nəticələrinin təsadüfi bazar konyunkturasının məhsulu, yoxsa uzunmüddətli dayanıqlı inkişaf modelinin göstəricisi olduğunu müəyyən edəcək. AFN.az olaraq bu sualları quruma ünvanlayıb, aldığımız cavabları dəyərli oxucularımızla bölüşəcəyik.

AFN.az-ın Araşdırma qrupu





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu