Apple kameralı AirPods layihəsini ləğv etdi
Apple korporasiyası şirkət daxilində "dünyanı dəyişdirməyə qadir" adlandırılan cihazın istehsalını ləğv edib.
AFN.az xəbər verir ki, bu barədə "Wccftech" nəşri insayderlərə istinadən məlumat yayıb.
Jurnalistlər "Kosutami" ləqəbli tanınmış insayderə istinad edərək bildiriblər ki, ABŞ-nin İT nəhəngi daxili kameralı qulaqlıqlar istehsal etməyəcək.
Ekspertin sözlərinə görə, Apple şirkətinin "AirPods" qulaqlıqları ilə bağlı böyük planları olub. Belə ki, şirkət rəhbərliyi bu cihazın süni intellekt xidmətlərinin inkişafına kömək edəcəyinə inanırdı.
Mətndə qeyd olunur ki, kameralı qulaqlıqların buraxılacağını nüfuzlu insayder Mark Qurman da proqnozlaşdırmışdı. O izah etmişdi ki, cihaz istifadəçinin ətraf mühitini davamlı olaraq qiymətləndirəcək, ona müvafiq məsləhətlər və köməklik təklif edəcək.
Qurman həmçinin bildirib ki, Apple-ın top-meneceri Con Ternus tabeliyində olan işçilərə bu cihazın dünyanı dəyişdirməyə qadir olduğunu vəd etmişdi.
"Wccftech" jurnalistləri Tim Kukun rəhbərlik etdiyi şirkətin kameralı "AirPods" qulaqlıqlarını cari ilin əvvəlində təqdim etməyi planlaşdırdığını, lakin cihazın istehsalının təxirə salınmalı olduğunu xatırladıblar.
Nəşrin müəllifləri hesab edirlər ki, Apple cihazın anonsunu süni intellekt xidmətlərinin hələ kifayət qədər yüksək inkişaf səviyyəsində olmaması səbəbindən ləğv edib.
Qeyd edək ki, bundan əvvəl şəbəkədə yeni "iPhone 18 Pro" modelini nümayiş etdirən ilk videolar peyda olmuşdu. "Reuters" agentliyi bu videoların "Tata Electronics" şirkətini sındıran hakerlər tərəfindən sızdırıldığını açıqlamışdı.


