“Galatasaray”ın yoldaşlıq oyunlarındakı rəqibləri bəlli olub
Yeni mövsüm hazırlıqlarını Avstriyada keçirəcək “Galatasaray”ın yoldaşlıq görüşlərinin təqvimi və qarşılaşacağı komandalar müəyyənləşib.
AFN.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə, sarı-qırmızılılar Avstriya toplanışı çərçivəsində İtaliya A Seriyasına yeni yüksələn “Monza” və “Venezia”, İstanbulda isə İspaniyanın köklü klublarından olan “Villarreal” ilə qarşılaşacaq.
Avstriyanın Vindisqarten bölgəsində 23-29 iyul tarixlərində təlim-məşq toplanışı keçirəcək “Galatasaray” ilk yoldaşlıq oyununu “Summer Series Upper Austria” turniri çərçivəsində “Raiffeisen Arena”da iyulun 24-ü, cümə günü “Monza”ya qarşı keçirəcək.
İkinci qarşılaşma isə iyulun 27-si, bazar ertəsi günü “Venezia” ilə “Hofmann Personal” stadionunda baş tutacaq.
Toplanışdan sonra İstanbula qayıdacaq “Galatasaray” üçüncü yoldaşlıq görüşündə, avqustun 8-i, şənbə günü “RAMS Park”da “Villarreal”ı qəbul edəcək.
Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



