Okeanda 8 günlük ölüm-dirim savaşı
Kuk adalarında kiçik alüminium qayığının mühərriki xarab olan Cunior Apiuta Apiuta Sakit okeanda səkkiz gün sürükləndikdən sonra xilas edilib.
AFN.az xəbər verir ki, iyunun 11-də Pukapuka adasından təkbaşına balıq ovuna çıxan Apiutanın qayığının mühərriki qısa müddət sonra sıradan çıxıb. Hava qaraldıqdan sonra mühərrik tamamilə dayanıb, külək isə getdikcə şiddətlənib.
Açıq dənizdə tək qalan Apiuta nəhəng dalğalar, dondurucu soyuq və fasiləsiz yağışla mübarizə aparıb. İki dəfə böyük dalğaların təsirindən dənizə düşdüyünü bildirən Apiuta qorxmadığını, inamını itirmədiyini və dua etməyə davam etdiyini vurğulayıb.
Yanındakı məhdud ləvazimatlarla həyatda qalan Apiuta iki şüşə su, bir vedrə, balıqçılıq avadanlıqları, bir qutu və bir örtükdən istifadə edib. Tutduğu balıqları çiy halda yeyən Apiuta yağış suyunu vedrədə toplayıb, soyuqdan qorunmaq üçün isə örtük və qutudan yararlanıb.
Ən çətin hissənin okeanın onu hara aparacağını bilməmək olduğunu qeyd edən Apiuta ümidini heç vaxt itirmədiyini söyləyib. O, üçüncü gün uzaqda bir balıqçı gəmisi gördüyünü, lakin küləyə görə ona çata bilmədiyini diqqətə çatdırıb.
Səkkizinci gün təyyarə səsi eşidən Apiuta qısa müddət sonra Yeni Zelandiya hərbi hava qüvvələrinə məxsus təyyarənin bölgə üzərində dövrə vurduğunu və axtarış işlərinə başladığını bildirib.
Daha sonra Apiuta əraziyə yönləndirilən Tayvan balıqçı gəmisi tərəfindən xilas edilib.
Yeni Zelandiyaya aparılan Apiutanın ailəsi ilə əlaqə saxladığı, vəziyyətinin yaxşı olduğu və tezliklə evinə qayıdacağı bildirilib.
Apiuta balıqçılığa davam edəcəyini, lakin bundan sonra daha diqqətli olacağını qeyd edib.



