Rusiya dizel yanacağının ixracını qadağan etdi
Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili bazarda yanacaq təklifini artırmaq məqsədilə dizel yanacağının ixracını qadağan etdiklərini bildirib.
AFN.az xəbər verir ki, Novak bu barədə Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclasda yanacaq bazarı ilə bağlı açıqlamalar verərkən deyib.
Rusiyada yanacağa olan tələbatın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artdığını qeyd edən Novak, bunun yanacaqdoldurma məntəqələrinin üzərinə düşən yükü artırdığını, nəqliyyat vasitələrinin sayında və yanacaqla təminat müddətində artıma səbəb olduğunu bildirib.
Daxili bazardakı vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını diqqətə çatdıran Novak, yanacaq istehsalı həcmindəki məcburi azalma səbəbindən son istehlakçılara daşınma marşrutlarının da dəyişdiyini ifadə edib.
Novak bugün dizel yanacağının ixracına qadağa qoyulduğunu və bunun daxili bazarda təklifin artmasını təmin edəcəyini vurğulayıb.
Bazardakı vəziyyəti sabitləşdirmək məqsədilə neft emalı zavodlarında gücdən istifadənin maksimum səviyyəyə qaldırıldığını bildirən Novak, ehtiyatdakı yanacağın bazara yönləndirildiyini, mövcud təmir müddətlərinin qısaldıldığını və bəzi neft emalı zavodlarındakı planlaşdırılmış təmir işlərinin daha sonrakı tarixlərə təxirə salındığını qeyd edib.
Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına təşkil etdiyi hücumlar səbəbindən ölkədə çoxlu sayda obyekt təmirə dayandırılıb.
Rusiya hökuməti yanacaq bazarında sabitliyi təmin etmək məqsədilə zaman-zaman satış və ixrac məhdudiyyətlərinə əl atır.
Ölkədə Moskva və Sankt-Peterburq da daxil olmaqla təxminən 40 bölgədə yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.
