Çində seldən sonra fermadan təxminən 900 ilan qaçıb
Çinin cənubunda təsirli olan tayfun və sel fəlakəti səbəbindən bir bəndin çökməsi nəticəsində sular altında qalan fermadan təxminən 900 ilan qaçıb.
AFN.az xəbər verir ki, aralarında ölümcül kobraların da olduğu yüzlərlə ilanın yayıldığı Denqvei kəndində fövqəladə vəziyyət elan edilib.
"Global Times" qəzetinin yaydığı məlumata görə, güclü tayfunun tüğyan etdiyi Quanqşi əyalətində sellər səbəbindən Liulan bəndi çöküb.
Bənd sularının vurduğu bölgədəki ilan yetişdirmə fermasının mühafizə divarları və çəpərləri dağılıb, təsərrüfatdakı təxminən 900 ilan qaçıb.
İlan istilasına məruz qalan Denqvei kəndində böyük təşviş yaşanarkən, sel suları ilə örtülmüş küçələrdə yüzlərlə ilanın üzdüyü və evlərin pəncərələrinə dırmaşmağa çalışdığı görülüb.
Bel səviyyəsinə qədər yüksələn suların içində çarəsiz qalan kənd sakinləri ilanlardan qorunmaq üçün bambuk ağacları ilə mübarizə aparıblar.
Hadisədən sonra əyalət səviyyəsində həyəcan təbili çalınaraq çox sayda axtarış-xilasetmə və təcili müdaxilə qrupu bölgəyə ezam olunub.
Quanqcou Fövqəladə Halların İdarə Olunması Bürosu xüsusi qoruyucu geyimli qrupların həm sürünənləri tutmaq, həm də seldən zərərçəkənləri təxliyə etmək üçün əməliyyat keçirdiyini açıqlayıb.
Səlahiyyətli şəxslər bölgədəki zəhərəleyhinə zərdab ehtiyatlarının artırıldığını və yerli xəstəxanalarda mümkün kobra sancmalarına qarşı xüsusi operativ müdaxilə xətlərinin qurulduğunu bəyan ediblər.
Hazırda bir kənd sakininin ilan sancması nəticəsində xəstəxanaya yerləşdirildiyi bildirilir.
Çinin cənubunda təsirini göstərən "Maysak" tayfununun bölgədə törətdiyi şiddətli sel fəlakəti səbəbindən indiyədək 39 nəfərin həyatını itirdiyi qeyd edilir.

