İran: Regiondakı düşmən bazalarına genişmiqyaslı hücumlar başladıldı
İran ordusu davam edən ABŞ hücumlarına cavab olaraq regiondakı düşmən bazalarına genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına start verib.
AFN.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, ordu tərəfindən regiondakı düşmən hədəflərinə qarşı raketlər və PUA-larla genişmiqyaslı cavab zərbələri endirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında Bəhreynin Şeyx İsa bazasında yerləşən ABŞ ordusuna məxsus helikopterlərə texniki qulluq və təmir mərkəzləri, "P-8" elektron müharibə təyyarəsinin anqarı, PUA-ların komanda-idarəetmə mərkəzi, habelə İordaniyadakı Şahzadə Həsən aviabazasında yerləşən böyük raket anbarları və yanacaq qurğularının hədəfə alındığı bildirilib.
Bundan başqa, Küveytin Əli Əl-Salem bölgəsindəki ABŞ bazasında yerləşən yanacaq çənləri, "Patriot" hava hücumundan müdafiə sistemi və Əhməd əl-Cabir bazasındakı strateji "FPS" radar sistemi də cavab zərbələrinin hədəfi olub.
SEPAH əks-hücumların davam edəcəyini vurğulayaraq Hörmüz boğazının İrana məxsus olduğu xəbərdarlığını edib. Bu çərçivədə İran Hörmüzdən icazəsiz keçməyə cəhd edən 2 gəmiyə müdaxilə edib.
Baş verənlərlə əlaqədar Bəhreyndə həyəcan siqnalları çalınıb və əhaliyə təhlükəsiz zonalara keçmək çağırışı edilib.
Bəhreyn Daxili İşlər Nazirliyinin açıqlamasında hava hücumları səbəbindən ölkə ərazisində həyəcan sisteminin işə salındığı qeyd olunaraq, vətəndaşlardan və sakinlərdən təmkinli olmaq, ən yaxın təhlükəsiz yerə sığınmaq və hadisələri rəsmi mənbələrdən izləmək xahiş olunub.
Yerli mətbuatda dərc olunan xəbərlərdə isə raket zərbələrindən sonra İordaniyanın paytaxtı Əmmanda aviasiya uçuşlarının dayandırıldığı bildirilib, lakin İordaniya rəsmiləri hələlik mövzu ilə bağlı rəsmi bəyanat yaymayıb.
