Almaniyada mütəxəssislərdən uşaqlar üçün sosial şəbəkə tənzimlənməsi çağırışı
Almaniyada uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən necə qorunacağına dair hazırlanan ekspert hesabatı gənclərin rəqəmsal platformalardan istifadəsi məsələsini yenidən gündəmə gətirib.
AFN.az xəbər verir ki, hökumətin xüsusi komissiyaya hazırlatdığı hesabatda müəyyən yaş qrupları üçün qanunvericilik səviyyəsində qoruyucu tədbirlərin görülməsi tələb olunub və uşaqlar ilə gənclər üçün iki əsas seçim irəli sürülüb.
İlk təklifdə sosial şəbəkələrdən istifadə üçün yaş həddinin 13 olaraq müəyyən edilməsi və bu yaşdan kiçiklər üçün yalnız az riskli, təhlükəsiz xidmətlərə icazə verən hüquqi baza yaradılması tövsiyə olunur. Eyni zamanda 13-18 yaş arası gənclər üçün mərhələli mühafizə tədbirlərinin tətbiqi istənilir.
İkinci seçimdə isə yaş məhdudiyyəti əvəzinə Rəqəmsal Xidmətlər Aktına (DSA) xüsusi risklər daşıyan funksiyaların müəyyən yaş qruplarına məhdudlaşdırılmasını məcburi edən müddəanın əlavə edilməsi təklif olunur.
Sənəddə şagirdlərin 7-ci sinfə qədər dərs və tənəffüs saatlarında fərdi smartfonlardan istifadəsinin qadağan edilməsi, 8-ci sinifdən etibarən isə məktəblərin şagirdlərlə birgə məcburi istifadə qaydaları hazırlaması tələb edilir.
Hesabatda uşaqların rəqəmsal məkanda qorunmasında sosial şəbəkə platformalarının, valideynlərin, məktəblərin və dövlətin üzərinə daha çox məsuliyyət düşdüyü, ekrana uzunmüddətli baxmağın və hərəkətsizliyin yuxu, diqqət, görmə qabiliyyəti və çəkiyə ciddi mənfi təsir göstərdiyi vurğulanır.
Ölkədə aparılan başqa bir araşdırma isə 10-17 yaşlıların 25 faizində media istifadəsinin problemli olduğunu, 4,7 faizinin isə tam asılı vəziyyətə düşdüyünü üzə çıxarıb.
Alman Uşaq və Yeniyetmə Psixiatriyası Cəmiyyətinin (DGKJP) idarə heyətinin üzvü prof. dr. Eva Möhler təklifləri yüksək qiymətləndirərək bu tənzimləmələrin təxirə salınmadan həyata keçirilməsinin vacibliyini bildirib.
O, xüsusilə 0-2 yaş arası uşaqların ekrandan tam uzaq tutulmasının, ən azı 3 yaşına qədər analoq uşaqlıq dövrü keçirmələrinin və məktəblərin smartfonlardan təmizlənməsinin tərəfdarı olduğunu deyib.
Mütəxəssis rəqəmsal səhlənkarlığın da ailə hüququ çərçivəsində qiymətləndirilməli olduğunu bildirərək uşağın saatlarla kompüter qarşısında tək qoyulmasının qanunvericiliklə qadağan edilməsinin cəmiyyətdəki standartları müsbətə doğru dəyişəcəyini vurğulayıb.
Prof. Dr. Möhler sosial şəbəkələrin alqoritmlərinin dopamin ifrazını artıraraq asılılıq yaratmaq üçün xüsusi layihələndirildiyini, bu durumun xüsusilə qız uşaqlarında qidalanma pozuntularına, diqqət əskikliyinə, emosional problemlərə və özünəqəsd meyllərinə yol açdığını bildirib.
Məktəblərin smartfonlardan azad edilməsinin sosial bacarıqların inkişafı üçün həyati əhəmiyyət daşıdığını qeyd edən ekspert 13 yaş həddinin doğru addım olduğunu və bu qaydaların bütün Avropa İttifaqı miqyasında sürətlə tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.
