Mers sorğularda reytinqlərinin aşağı olmasından narahatdır


Almaniya Federal Kansleri Fridrix Mers ictimai rəy sorğularındakı aşağı reytinqlərinin onda ciddi narahatlıq doğurduğunu boynuna alıb.

AFN.az xəbər verir ki, hökumət başçısı keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu vəziyyətin səbəblərini anlamağa çalışdığını bildirib.

Kanslerin sözlərinə görə, o, öz komandası ilə birlikdə məlumatların təqdimat formasını təkmilləşdirmək və ya siyasətin özünə yenidən baxmaq zərurətini mütəmadi olaraq təhlil edir. Mers cəmiyyətdə müəyyən gözləntilərin formalaşdığını və hökumətin hələlik bu gözləntiləri tam doğrulda bilmədiyini açıq şəkildə vurğulayıb. Eyni zamanda o, hökumətə qarşı yönələn kütləvi tənqidləri normal qəbul etdiyini, yaranmış sosioloji vəziyyəti isə işini daha keyfiyyətli davam etdirmək və düzgün addımlar atmaq üçün bir stimul kimi qiymətləndirdiyini qeyd edib.

F.Mers reytinq probleminin təkcə fərdi xarakter daşımadığını, bütövlükdə koalisiyanı təşkil edən CDU/CSU (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) və SPD (Almaniya Sosial Demokrat Partiyası) bloklarına aid olduğunu diqqətə çatdırıb. O, seçkilərin hazırda keçiriləcəyi təqdirdə hakim koalisiyanın çoxluq qazanmasının çətin olacağını etiraf edərək, bu gərginliyi aradan qaldırmaq üçün birgə çalışdıqlarını söyləyib.

Xatırladaq ki, iyunun əvvəlində INSA sosioloji araşdırmalar institutunun hazırladığı siyasətçilərin reytinq cədvəlində Mers sonuncu pillədə qərarlaşıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu