"Qazprom"un səhmləri tarixi minimuma qədər ucuzlaşıb
İyulun 16-sı, cümə günü Moskva Birjasındakı ticarət əməliyyatları zamanı "Qazprom"un səhmləri tarixi minimumunu yeniləyib.
AFN.az xəbər verir ki, bu barədə birja məlumatları göstərir.
Qiymətli kağızlar minimum həddə 83,98 rubla qədər enib, ticarətin başlanğıcından etibarən isə təxminən beş faiz ucuzlaşıb.
Son bir ay ərzində şirkətin səhmlərinin dəyəri dörddəbir qədər, illik maksimumdan isə 40 faiz aşağı düşüb.
Xatırladaq ki, 2008-ci ilin payızında qlobal maliyyə böhranı fonunda "Qazprom"un səhmləri 84 rubla qədər geriləmişdi, lakin həmin vaxt dollar 24-27 rubl civarında ticarət olunurdu.
Səhmlərə təzyiq göstərən amillərdən biri də "The Wall Street Journal" nəşrində dərc olunan və mənbələrin Çinin "Sibirin gücü-2" qaz kəmərinin tikintisinə razılıq şərtlərini açıqladığı məqalə olub.
Avropa bazarının itkisini qismən kompensasiya etmək iqtidarında olan yeganə marşrut kimi bu yeni xətt şirkətin gələcəyi üçün həlledici sayılır, lakin materialda qeyd edildiyi kimi, Pekin may ayında qazın yalnız daxili, ixrac müqavilələri hesabına subsidiyalaşdırılan Rusiya qiymətləri ilə satılması şərtilə layihəyə razılaşmağa hazır olduğunu bildirib ki, bu da baha başa gələn layihəni iqtisadi baxımdan Rusiya üçün tamamilə mənasız edir.
Əlavə edək ki, Rusiya rəsmiləri "Sibirin gücü-2"nin tikintisi ilə bağlı danışıqların davam etdiyini dəfələrlə qeyd etsələr də, sazişin nə vaxt imzalanacağını proqnozlaşdırmayıblar, Pekin isə artıq uzun illərdir ki, bu layihəni heç bir səviyyədə xatırlamır.


