Nəhəng bankdan kritik qızıl proqnozu
"Goldman Sachs" mərkəzi bankların xüsusilə Çinin rəhbərliyi altında davam etdirdiyi güclü qızıl alışlarının, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinə dair sərt gözləntilərinin yaratdığı qısamüddətli təzyiqi tarazlaşdıra biləcəyini bəyan edib.
AFN.az xəbər verir ki, bank 2026-cı ilin sonu üçün bir unsiya qızılın qiyməti üzrə proqnozunu 4900 dollar səviyyəsində saxlayıb.
"Goldman Sachs" mərkəzi bankların may ayında reallaşdırdığı güclü qızıl alışlarının, FED ilə bağlı sərt proqnozların doğurduğu qısamüddətli təzyiqə rəğmən, qızılın qiymətini dəstəkləyə biləcəyini qeyd edib.
Bankın analitiki Lina Tomasın qiymətləndirməsinə görə, mərkəzi banklar may ayında 81 ton qızıl satın alıblar. Üç aylıq mövsümləşmədən təmizlənmiş aylıq orta alış həcmi 67 ton təşkil edib ki, bu rəqəm 2022-ci ilə qədər olan dövrdə 17 ton səviyyəsində idi.
"Goldman Sachs" xüsusilə Çinin öncüllüyü ilə mərkəzi bankların qızıl alışlarının yenidən sürətlənməsinin FED qaynaqlı müvəqqəti qiymət təzyiqini məhdudlaşdıra biləcəyini hesab edir.
Bank mərkəzi bankların 2026-cı ildə aylıq orta hesabla 50 ton, 2027-ci ildə isə 40 ton qızıl alacağı barədə gözləntisini dəyişməyib.
"Goldman Sachs" inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının 2022-ci ildə Rusiyanın aktivlərinin dondurulmasından sonra sürətləndirdiyi ehtiyatların şaxələndirilməsi (diversifikasiya) strategiyasının, 2026-cı ilin sonu üçün unsiya başına 4900 dollar səviyyəsindəki qızıl proqnozunun əsas dayağı olmağa davam etdiyini vurğulayıb.
Bank bazarlarda FED-in mümkün faiz artırımlarının qiymətləndirilməsinin qısamüddətli perspektivdə qızıl üzərində təzyiq yaratdığını, lakin iqtisadçılarının faiz artımı gözləmədiyini ifadə edib.
"Goldman Sachs" orta müddətli dövrdə qızıl qiymətləri ilə bağlı risklərin yuxarı yönümlü qalmaqda davam etdiyini qeyd edib.
