NYT: Pentaqon İranın hücumlarında çox sayda ABŞ əsgərinin yaralandığını gizlədir
"New York Times" (NYT) qəzeti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranın son vaxtlar ABŞ qüvvələrinə qarşı təşkil etdiyi bəzi hücumları və bu hadisələrdə çox sayda ABŞ əsgərinin yaralanması faktını ictimaiyyətdən gizlətdiyini iddia edib.
AFN.az xəbər verir ki, NYT-nin ABŞ rəsmilərinin bəyanatlarına istinadən yaydığı xəbərə görə, Pentaqonun ABŞ ilə İran arasında son dövrlərdə baş verən qarşıdurmalarla bağlı açıqladığı rəqəmlər reallığı əks etdirmir.
Adları açıqlanmayan rəsmilər İordaniyada 2 ABŞ əsgərinin öldüyü və birinin itkin düşdüyü hücumdan əvvəl İranın bu ölkədəki ABŞ qüvvələrinə qarşı daha 3 fərqli hücum həyata keçirdiyini irəli sürüblər.
Rəsmilər həmin hücumlarda çox sayda ABŞ hərbçisinin yaralandığını, ABŞ-yə məxsus bir neçə helikopterin isə zərər gördüyünü iddia ediblər.
Digər tərəfdən, Pentaqonun bəyanatlarında sözügedən hücumlar və onların yol açdığı zərərlər barədə heç bir məlumata yer verilməyib.
Hərbi rəsmilərdən biri isə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) vəzifələrinin icrasına sürətlə geri qayıdan yaralı əsgərlər haqqında məlumat paylaşmaq məcburiyyətində olmadığını bildirib.
Xatırladaq ki, İran ilə müharibədə ölən ABŞ əsgərlərinin sayı 17-yə yüksəlmişdi.
CENTCOM İranın 17 iyulda İordaniyadakı ABŞ bazasını hədəf alan hücumunda 2 əsgərin həyatını itirdiyini, bir əsgərin isə itkin düşdüyünü elan etmişdi.
Pentaqon bu iki əsgərin şəxsiyyətinin müəyyənləşdirildiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd etmişdi.
CENTCOM həmçinin iyulun 18-də İraqda İranın pilotsuz uçuş aparatına (PUA) məxsus partlamamış sursatın nəzarətli şəkildə məhv edilməsi zamanı 1 əsgərin həlak olduğunu açıqlamışdı.
İraqdakı hadisə ilə birlikdə ABŞ və İsrailin fevral ayında İrana qarşı hücumları ilə başlayan müharibədə öldüyü bəyan edilən ABŞ əsgərlərinin sayı 17-yə çatmışdı.
