İran: Hörmüz boğazında 2 neft tankerində partlayış baş verib
İran mətbuatında Hörmüz boğazında təhlükəsiz olmayan ərazidən keçməyə cəhd edən 2 neft tankerində partlayışın baş verdiyi iddia olunub.
AFN.az xəbər verir ki, İran İnqilab Keşikçilərinin məsələyə dair açıqlaması "Tasnim" xəbər agentliyində dərc edilib.
Məlumata əsasən, ABŞ-ın məcbur etməsi ilə Hörmüz boğazının cənubundakı təhlükəli və etibarsız marşrutla hərəkət etməyə çalışan 2 neft tankerində meydana gələn partlayışın ardından yanğın başlayıb.
Bəyanatda ABŞ-ın regiondakı hücumları davam etdiyi müddətcə Hörmüz boğazının bağlı qalacağı, buradan tək bir damla belə neft və qazın təhlükəsiz keçə bilməyəcəyi vurğulanıb.
İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya isə dünən verdiyi açıqlamada ölkəsinə qarşı hücumlarda ABŞ ilə əməkdaşlıq edən dövlətlərin gəmilərinin Hörmüz boğazından keçid zamanı problemlərlə üzləşəcəyini bildirmişdi.
