ABŞ: İranla müharibənin xərci 37,5 milyard dollara çatıb



ABŞ-nin müdafiə naziri Pit Heqset təhlükəli dünyada yaşadıqlarını və Amerika ordusu üçün əlavə resurslara ehtiyac olduğunu bildirərək, İranla davam edən müharibənin xərcinin 37,5 milyard dollara çatdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Heqset Baş Qərargah rəisi Dan Keyn və Kənd Təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə Müdafiə Nazirliyi (Pentaqon) üçün tələb olunan əlavə büdcə məsələsi ilə bağlı ABŞ Senatının Təxsisatlar Komitəsi üzvlərinin suallarını cavablandırıb.

"Bildiyiniz kimi, cəsarətli və sürətli addımların atılması gərəkən təhlükəli bir dünyada yaşayırıq. 2026-cı maliyyə ili üçün bu əlavə vəsait tələbinin səbəbi də budur" deyən Heqset sözügedən büdcə sorğusunu Müdafiə Nazirliyinin təcili ehtiyaclarını qarşılamağa yönəlmiş zəruri və təxirəsalınmaz resurs dəstəyi kimi qiymətləndirib.

Heqset bu əlavə maliyyələşdirmə tələbinin mövcud resursların yerini tutacaq bir alternativ olmadığını dilə gətirərək, texnologiya, emal gücü, süni intellekt, avtonom sistemlər və kosmos sahələrində kritik investisiyaları dərhal etmədikləri təqdirdə rəqiblərin onları geridə qoya biləcəyini vurğulayıb.

Müdafiə naziri demokrat senator Dik Durbinin İran müharibəsinin maliyyəti ilə bağlı sualına "Bu günə olan məlumata görə, 37 milyard 500 milyon dollar" cavabını verib.

Sözügedən fondların təmin edilmədiyi təqdirdə hərbçilərin maaşlarının ödənilməyə biləcəyini ifadə edən Heqset, həmçinin ABŞ ordusunun texnika və sursatı sürətlə yeniləmək və həyati əhəmiyyətli əməliyyatları fasiləsiz davam etdirmək qabiliyyətini təhdid edəcək kritik əksikliklərlə qarşılaşa biləcəyini iddia edib.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əlavə vəsait tələbinə fokuslanan iclasda müdafiə naziri Heqsetin Senatdakı açılış nitqi müharibə əleyhdarları tərəfindən etirazla qarşılanıb.

Heqset hələ ilk cümləsində zaldakı müharibə əleyhdarları tərəfindən etirazla qarşılanaraq qısa fasilələrlə 4 dəfə susdurulub.

Müharibə əleyhinə olan etirazçılar sürətlə zaldan çıxarılarkən "Məsum uşaqları bombalamağı dayandırın" sözləri eşidilib.

Senatın Təxsisatlar Komitəsinin sədr müavini Petti Murrey İrana qarşı başladılan müharibənin Tramp administrasiyasının öz seçimi olduğunu deyib.

Murrey Respublikaçı hökuməti Konqresin razılığı olmadan İranla müharibəyə girdiyi üçün tənqid etdiyi çıxışında Tramp administrasiyasının öz seçimi ilə müharibə başladığını bəyan edib.

Trampın Amerikan xalqına bu barədə bir əsaslandırma təqdim etmədiyini və ortaya çıxan bədəlin fəlakət səviyyəsində olduğunu bildirən Murrey toqquşmalarda ABŞ hərbçilərinin həlak olduğunu xatırladıb.

Murrey Prezident Trampın səhiyyə xidmətlərini, uşaqlara qulluğu və mənzil təminatını qarşılamağa büdcələrinin olmadığını dediyini, lakin nədənsə yeni bir müharibəyə hər zaman büdcə tapa bildiyini və bunun üçün heç bir qiymət məhdudiyyətinin olmadığını əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu