Aİ Belarusun NEZ-lərinə sanksiya tətbiq edir
Avropa İttifaqı Rusiyaya qarşı yönəlmiş növbəti məhdudiyyətlər paketi çərçivəsində Belarusun neft emalı zavodlarına (NEZ) qarşı sanksiyalar tətbiq edəcək.
AFN.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
"Bizim hədəfimizə 100-dən çox bank və kriptooperator, kölgə donanmasına məxsus 40-dan çox gəmi, həmçinin Rusiya və Belarusdakı bir neçə neft emalı zavodu daxildir", — deyə Kallas bildirib. O qeyd edib ki, ümumilikdə 218 mövqeni (o cümlədən 50 müdafiə müəssisəsini) əhatə edən bu paket son 4 ilin ən böyük sanksiya raundudur və Aİ artıq yeni məhdudiyyətlər üzərində işləyir.
Belarusda illik 24 milyon ton emal gücünə malik iki böyük NEZ — Mozır və Novopolotsk zavodları fəaliyyət göstərir. Ukrayna PUA-larının zərbələrindən sonra Rusiyada yaranan yanacaq qıtlığı fonunda Moskva Minskdən benzin alışını rekord həddə çatdırıb. Cari ilin iyun ayında Belarusdan Rusiyaya avtomobil benzini tədarükü 181 min tonu ötərək may ayı ilə müqayisədə 3 dəfə artıb. İlin ilk yarısında isə Belarusdan benzin alışı 20 dəfə artaraq 453 min tona çatıb. Həmçinin dizel yanacağı və aviasiya yanacağının da idxalında kəskin artım qeydə alınıb.
Buna baxmayaraq, Belarus benzini Rusiya bazarındakı qiymətlərdən xeyli baha satılır. Ekspertlərin fikrincə, Belarus NEZ-lərinin illik benzin istehsalı (təxminən 3,5 milyon ton) Rusiyanın aylıq istehlakından az olduğu üçün bu tədarüklər daxili bazardakı balansı tam dəyişməyə kifayət etmir. Bu səbəbdən Moskva Belarusla yanaşı, Hindistandan da yanacaq alışına başlayıb.



