Zelenski: Taxıl dəhlizimizi bağlamaq üçün hər şeyi edəcəklər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları səbəbindən ölkəsinin Qara dəniz limanlarına dünən ticarət gəmilərinin daxil ola bilmədiyini bildirərək "Ruslar taxıl dəhlizimizi bağlamaq üçün hər şeyi edəcəklər" ifadəsini işlədib.
AFN.az xəbər verir ki, Zelenski Kiyevdə rəsmi səfərdə olan İrlandiyanın Baş naziri Mixal Martin ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Ukraynanın Qara dəniz limanlarında ticarət gəmilərinin hərəkətinin dayandırılmasına toxunan Zelenski Rusiya ordusunun ölkəsinə gedən bütün gəmilərə qarşı hücumlar təşkil etdiyini qeyd edib.
Dünəndən etibarən heç bir gəminin Ukrayna limanlarına daxil ola bilmədiyini çatdıran Zelenski "Ruslar Taxıl dəhlizimizi bağlamaq üçün hər şeyi edəcəklər" deyib.
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş səyləri dəyərləndirən Zelenski ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşner ilə dünən telefonla danışdığını xatırladıb.
Görüşdə müharibənin dayandırılması üçün diplomatiya prosesinin daha effektiv hala gətirilməsi kimi məsələləri müzakirə etdiklərini bildirən Zelenski ABŞ tərəfinin daha sonra Rusiyanın nümayəndələri ilə görüş keçirə biləcəyini qeyd edib.
Zelenski ABŞ-Ukrayna-Rusiya arasında daha əvvəl keçirilən üçtərəfli görüşlərin davam etməsi üçün intensiv iş aparılmalı olduğunu vurğulayaraq "Məncə, üçtərəfli görüş keçiriləcək. Əlbəttə, bütün bunları payıza qədər etməliyik" şəklində danışıb.
Müharibənin danışıqlar yolu ilə bitirilməli olduğunu qeyd edən Zelenski "Bu bir prioritetdir və mən buna diqqət yetirmişəm. Qarşımızda kimin olduğunu siz də, mən də anlayırıq. Çünki Rusiyanın hər zaman axtardığı alternativ yol müharibə və səfərbərliyin artırılmasıdır" qiymətləndirməsini edib.
İrlandiyanın Baş naziri Martin ilə keçirdikləri ikitərəfli görüşdə Rusiyadan gələn təhdidləri də müzakirə etdiklərini ifadə edən Zelenski "Putin Ukraynaya yeni hücumlar hazırlayır. Bizim fikrimizcə, Putin Rusiyada əlavə səfərbərlik planlaşdırır, müharibənin genişləndirilməsi üçün hazırlıq görür" deyə bildirib.
Son dövrlərdə hökumətdə etdiyi dəyişikliklərə də toxunan Zelenski bir qədər əvvəl vəzifəsindən istefa verən sabiq Baş nazir Yuliya Sviridenkoya Ukraynanın Vaşinqtondakı səfiri vəzifəsini təklif etdiyini açıqlayıb.
Sabiq daxili işlər naziri İqor Klimenkonun Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun yerinə təyin olunmasını təklif etdiyini bildirən Zelenski Umerov üçün də fərqli təkliflərin dəyərləndirildiyini söyləyib.
