Brent neftinin barreli 100 dolları keçdi



Brent markalı neftin barrel qiyməti Yaxın Şərqdə ABŞ-İran gərginliyinin eskalasiyası fonunda 100 dolları ötüb.

AFN.az xəbər verir ki, dünən günü 94,07 dollardan başa vuran Brent neftinin fyuçers barrel qiyməti bu gün saat 16:16 radələrində bağlama qiymətinə nisbətən təxminən 6,5 faiz artaraq 100,17 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas türü (WTI) xam neftin barreli 91,54 dollardan alıcı tapıb.

Bununla da Brent neftinin fyuçers barrel qiyməti mayın 27-dən bəri ən yüksək səviyyəsinə çatıb.

Qiymətlərin bahalaşmasına ABŞ ilə İran arasında gərginləşən münaqişənin Hörmüz boğazında neft daşımalarını axsadacağı narahatlığı və Yəməndəki İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz mühasirəsindən sonra Babülməndəb boğazında artan təhlükəsizlik riskləri təsir göstərib.

Husilərin hərbi sözçüsü Yəhya Səri iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı "dəniz mühasirəsi" tətbiq etməyə başladıqlarını elan etmiş, dünən gecə isə tranzit qadağasını pozduğu əsası ilə Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini pilotsuz uçuş aparatları və raketlərlə hədəf aldıqlarını açıqlamışdı.

ABŞ Prezidenti Donald Tramp da bu gün sosial media hesabında etdiyi paylaşımda Yaxın Şərqdə husilərin yenidən hücuma keçəcəyi təqdirdə ABŞ-ın bu vəziyyətə görə məhz İranı məsuliyyətə cəlb edəcəyini bildirib.

Sözügedən hücumlar Hörmüz və Babülməndəb boğazlarında daşımaçılıq risklərini artırmaqla yanaşı, qlobal neft təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları da dərinləşdirir.

ABŞ İrana qarşı zərbələrini davam etdirərkən, İran da Körfəzdəki ABŞ bazalarına cavab zərbələri endirməyi sürdürür.

Trampın İranın enerji infrastrukturunu hədəf alan bəyanatlarına İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi regiondakı ABŞ müttəfiqlərinin enerji obyektlərini vuracaqları xəbərdarlığı ilə cavab verib.

Tərəflərin qarşılıqlı təhdidləri bölgədəki enerji infrastrukturunun təhlükəsizliyinə dair narahatlıqları daha da artırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu