Yunanıstanda evi yandırılan siyasətçinin anası həlak olub
Yunanıstanın Saloniki şəhərində yaşayış binasına edilən qəsdən yandırma hücumu nəticəsində hakim "Yeni Demokratiya" partiyasının siyasətçisi Afroditi Nestoranın 72 yaşlı anası Vagiya Nestora aldığı ağır yanıq xəsarətlərindən vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Yerli xəstəxananın verdiyi məlumata görə, bədəninin təxminən 80%-i yanan qadın kritik vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.
Hadisə Afroditi Nestoranın yaşadığı çoxmərtəbəli binada baş verib. Polisin məlumatına görə, binaya yerləşdirilən əl işi yandırıcı qurğular partlayışa və güclü yanğına səbəb olub. Nəticədə iki avtomobil tamamilə sıradan çıxıb, bir neçə motosiklet zədələnib və binaya ciddi ziyan dəyib.
Hücum zamanı yanıq xəsarətləri alan və tüstüdən zəhərlənən Afroditi Nestora hazırda xəstəxanadadır. Onun atası və daha iki sakin isə tənəffüs çətinliyi diaqnozu ilə hospitalizasiya olunublar.
Eyni vaxtda Salonikinin müxtəlif ərazilərində analoji hücumlar da qeydə alınıb. Hədəflər "Yeni Demokratiya" partiyasının Saloniki üzrə İnzibati Komitəsinin sədri Zisis İoakeymovitsin və keçmiş deputat Savvas Anastasiadisin evləri olub. Bu insidentlər zamanı xəsarət alan olmayıb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis xəsarət alanlara baş çəkərək bəyan edib ki, mütəşəkkil cəmiyyətdə zorakılığa yer yoxdur və təqsirkarlar tapılaraq məsuliyyətə cəlb olunacaqlar.
Hadisə ilə bağlı araşdırmanı Yunanıstanın Terrorla Mübarizə Xidməti aparır. Hücumların koordinasiyalı şəkildə həyata keçirildiyi ehtimal olunur. Hələlik heç kim saxlanılmayıb və məsuliyyəti üzərinə götürən olmayıb.


