Böyük Britaniya Ukraynaya artilleriya lülələrinin tədarükünə başlayıb
Böyük Britaniya Ukraynaya ilk dəfə yerli istehsal olan artilleriya lülələrinin göndərilməsinə başlayıb.
AFN.az Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilk mərhələdə Ukraynaya 150 ədəd 105 mm və 155 mm çaplı artilleriya lüləsi təhvil veriləcək. Tədarük 61 milyon funt sterlinq (təxminən 83 milyon dollar) dəyərində müqavilə çərçivəsində həyata keçirilir.
Məlumata görə, lülələr Şeffild şəhərində yerləşən Sheffield Forgemasters müəssisəsində istehsal olunur. Britaniya Müdafiə Nazirliyi bildirib ki, ölkədə son 20 ilə yaxın müddətdə ilk dəfə artilleriya üçün döymə lülələr hazırlanıb.
Qeyd edək ki, Rusiyanın Londondakı səfiri Andrey Kelin daha əvvəl Böyük Britaniyanın Ukrayna münaqişəsində NATO üzvləri arasında ən dərindən iştirak edən ölkələrdən biri olduğunu iddia etmişdi. O, Britaniyanın Ukraynada xüsusi təyinatlı qüvvələrinin, təlimatçılarının və Storm Shadow uzaqmənzilli raketlərinin istifadəsində iştirak edən hərbi mütəxəssislərinin olduğunu bildirmişdi.




