ABŞ: İrana qarşı dəniz blokadası çərçivəsində 17 ticarət gəmisinin marşrutu dəyişdirilib
ABŞ ordusu İrana qarşı tətbiq olunan dəniz blokadası çərçivəsində 17 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini, 2 gəminin isə istifadədən çıxarıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
Açıqlamada bildirilib ki, İrana qarşı tətbiq olunan dəniz blokadası çərçivəsində 17 ticarət gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi istifadədən çıxarılıb, uyğunluğun təmin edilməsi məqsədilə isə daha 2 gəmiyə reyd keçirilib.
CENTCOM-un paylaşımında həmçinin blokadanı dəstəkləmək məqsədilə Ərəb dənizində patrul xidməti həyata keçirən USS Frank E. Peterson Jr. idarəolunan raket esminesində növbə çəkən bir dənizçinin fotosuna da yer verilib.
İran Silahlı Qüvvələrinin müharibəni idarə edən "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını bölgədə müharibənin genişləndirilməsi kimi qiymətləndirdiyini açıqlayıb.
Qərargahın bəyanatında qeyd olunub ki, ABŞ son üç gün ərzində İranın ərazi və sahil sularında hərəkət edən ticarət gəmiləri və neft tankerlərini hədələyib.
Bəyanatda bu addımın bölgədə təhlükəsizliyi daha da zəiflətdiyi vurğulanaraq, "ABŞ-ın bu addımını bölgədə müharibənin genişləndirilməsi kimi qiymətləndiririk. İran Silahlı Qüvvələri daha əvvəl də göstərdiyi kimi, ABŞ ordusunun istənilən təhdid və ya təcavüzkar addımını cavabsız qoymayacaq və lazımi cavabı verəcək" ifadələrinə yer verilib.
