Argentinanın eks-prezidenti barəsində çıxarılan hökmlə bağlı BMT-yə müraciət edib


Argentinanın korrupsiya ittihamı ilə həbs edilən keçmiş prezidenti Kristina Fernandes de Kirşner çıxarılan hökmlə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət etdiyini bildirib.

AFN.az xəbər verir ki, bu barədə eks-prezidentin öz saytında dərc olunan açıq məktubunda deyilir.

"Vətəndaşlıq borcumdan, həyatımı və əməllərimi müəyyən edən dövlət təsisatlarına hörmətimdən, həmçinin məruz qaldığım qanunsuzluqların doğurduğu qəzəbdən dolayı bu gün BMT-nin İnsan Hüquqları Komitəsinə fərdi müraciət ünvanladığımı bəyan edirəm", — deyə Kirşner qeyd edib.

Onun vəkilləri bildiriblər ki, müraciətdən məqsəd komitənin bu işdə prokurorların və Argentina hakimiyyətinin əməllərinə qiymət verməsinə nail olmaqdır. Hüquq müdafiəçiləri həmçinin hökmlə nəzərdə tutulan dövlət vəzifələrini tutmağa ömürlük qadağanın dayandırılmasını xahiş ediblər.

Xatırladaq ki, 2025-ci il iyunun 10-da Ali Məhkəmə aşağı instansiya məhkəməsinin Fernandes de Kirşner barəsində çıxardığı 6 il müddətinə azadlıqdan məhrumetmə və dövlət vəzifəsi tutmaq qadağası ilə bağlı hökmü qüvvədə saxlayıb. Eks-prezidentin yaşı (hazırda 73 yaşı var) və keçmiş dövlət başçısı kimi həbsxanada qarşılaşa biləcəyi risklər nəzərə alınaraq, cəza ev dustaqlığı ilə əvəz olunub.

Fernandes de Kirşner 2007–2015-ci illərdə Argentina Prezidenti, 2019–2023-cü illərdə isə vitse-prezident vəzifələrini icra edib. O, Santa-Krus əyalətində infrastruktur layihələrinin icrası zamanı mənimsəmə və korrupsiya hallarında təqsirli bilinsə də, özünü günahsız hesab edir və siyasi təqib qurbanı olduğunu iddia edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu