Uçuşlarda yeni rekord: Təyyarə 24 saat havada qaldı
Qantas aviaşirkətinə məxsus Airbus A350 tipli təyyarə Melburndan havaya qalxdıqdan 24 saat 24 dəqiqə sonra Fransanın Tuluza şəhərinə enərək kommersiya təyyarələrinin həyata keçirdiyi ən uzun uçuş rekordu ilə tarixə düşüb.
AFN.az xəbər verir ki, xüsusi olaraq hazırlanan A350-1000ULR tipli təyyarənin Avstraliyanın Qantas aviaşirkətinin Sidney-London marşrutu üzrə 2027-ci ildən etibarən fasiləsiz reyslərdə istismara verilməsi planlaşdırılır.
İstehsalçı şirkət Airbus iyun ayından etibarən təyyarə üzərində iki aydır davam edən sınaq işlərini həyata keçirir.
Əlavə yanacaq çəni ilə təchiz olunan təyyarənin Sakit və Atlantik okeanları üzərindən keçən 23 min 75 kilometrlik marşrutu heç bir dayanacaq etmədən qət etdiyi və 24 saat 24 dəqiqə havada qaldığı bildirilib.
Uçuş Fransanın Tuluza şəhərində yerləşən zavoda enişlə başa çatıb.
Qeyd olunub ki, bu uçuş 2005-ci ildə Boeing 777-200LR ilə Honkonqdan Londona Sakit okean üzərindən həyata keçirilən 22 saat 42 dəqiqəlik əvvəlki rekordu geridə qoyub.
Uçuşların izlənməsi platforması Flightradar24 bu reysin platformada ən çox izlənilən ikinci uçuş olduğunu açıqlayıb. Bildirilib ki, təxminən 3,6 milyon nəfər təyyarənin marşrutunu canlı izləyib.
Qantas Avstraliyanın şərq sahillərini London və Nyu-Yorkla təxminən 20 saat ərzində birləşdirmək məqsədilə modifikasiya edilmiş 12 ədəd A350-1000ULR təyyarəsi sifariş verib.
Əlavə 20 min litr yanacaq daşımaq imkanına malik və 238 sərnişin tutumlu ilk təyyarənin 2027-ci ilin aprel ayında təhvil verilməsi nəzərdə tutulur.
Sidney ilə London arasında birbaşa gündəlik reyslərin isə 2027-ci ilin oktyabrında başlaması planlaşdırılır.



