Çin ABŞ-ın tədqiqat müəssisələrinə qarşı qərarına etiraz edib
Çin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəzi Çin tədqiqat müəssisələrini xüsusi nəzarət siyahısına daxil etməsi qərarına etiraz edərək, ölkənin elmi qurumlarının hüquq və maraqlarını qorumaq üçün zəruri addımların atılacağını bəyan edib.
AFN.az xəbər verir ki, Sinxua agentliyinin yaydığı məlumata görə, Çin Ticarət Nazirliyi ABŞ-ın qərarından narazılığını ifadə edən açıqlama yayıb.
Nazirliyin sözçüsü bildirib ki, Çin tədqiqat müəssisələrinin qanuni hüquq və maraqlarını qorumaq, elmi və texnoloji mübadilə ilə əməkdaşlıq üçün sağlam mühit yaratmaq məqsədilə bütün zəruri tədbirlər görüləcək.
Sözçünün sözlərinə görə, ABŞ milli təhlükəsizlik anlayışını davamlı şəkildə genişləndirir, ayrı-seçkilik xarakterli məhdudiyyətlər tətbiq edir, elmi tədqiqat sahəsində əməkdaşlığı siyasiləşdirərək onu təzyiq vasitəsinə çevirir.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyinin bəzi tədqiqat mərkəzlərini sanksiya xarakterli siyahıya daxil etməsi iki ölkənin elmi ictimaiyyətləri arasında əlaqə və əməkdaşlığa zərər vurur, eyni zamanda elm və texnologiya sahəsində qlobal əməkdaşlıq meylinə ziddir.
Çin tərəfi ABŞ-ı Çin tədqiqat müəssisələrinə qarşı irəli sürülən əsassız ittihamlara son qoymağa, yanlış hesab edilən qərarlarını ən qısa müddətdə düzəltməyə və Çin elmi qurumlarına qarşı ədalətli, qərəzsiz münasibət göstərməyə çağırıb.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi ötən həftə Çində müdafiə sənayesi ilə əlaqəli bəzi akademiyalarla yanaşı, Şanxaydakı Fudan Universitetini də problemli fəaliyyət göstərən xarici tədqiqat müəssisələri siyahısına daxil edib.


