Konfrans Liqasi: Bu gün "Zirə" və "Neftçi" cavab oyununa çıxır


Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycanı turnirdə təmsil edən "Zirə""Neftçi" cavab oyunlarına çıxacaqlar.

AFN.az xəbər verir ki, ilk olaraq Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" Sumqayıtda Estoniyanın "Payde" komandasını qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Komandaların Estoniyada keçirilən ilk oyununda "Zirə" 0:1 hesabı ilə məğlub olub. Bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.

Daha sonra "Neftçi" II təsnifat mərhələsinin cavab oyununda Belarusun "Dinamo" (Minsk) komandası ilə üz-üzə gələcək. UEFA-nın Belarusda oyunların keçirilməsinə qoyduğu qadağa səbəbindən qarşılaşma Bolqarıstanın "Beroe" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşdə Minsk təmsilçisi 4:2 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları

30 iyul

20:00 "Zirə" (Azərbaycan) – "Payde" (Estoniya)
Hakimlər: Patrik Pavleşiç, İvan Yaniç, Dino Knez, Dario Bel (Xorvatiya).
Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

21:00 "Dinamo" (Minsk, Belarus) – "Neftçi" (Azərbaycan)
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (Şimali İrlandiya).
Stadion: "Beroe" stadionu, Bolqarıstan.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu