Yaponiyada zəlzələ qurbanlarının sayı 30 nəfərə çatdı



Yaponiyada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 30 nəfərə yüksəlib. Axtarış-xilasetmə işləri afterşoklar və havanın həddindən artıq isti keçməsi səbəbindən çətin şəraitdə davam etdirilir.

AFN.az xəbər verir ki, hərbçilər və fövqəladə hallar xidmətinin əməkdaşları ölkənin cənub-qərbində ciddi zərər görən ticarət mərkəzi və dağılan evlərin dağıntıları altında qalan insanlara çatmağa çalışırlar.

Kumamoto prefekturasının hökuməti Kyuşu adasında baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində azı 62 nəfərin xəsarət aldığını açıqlayıb.

Bölgəyə göndərilən təxminən 5 min Özünümüdafiə Qüvvələri əməkdaşı 35 dərəcəyə çatan isti hava və gecə saatlarında qeydə alınan 5,8 bal gücündə təkrar təkanlar səbəbindən ağır şəraitdə fəaliyyət göstərir.

Kaşima qəsəbəsində zəlzələ zamanı minlərlə insanın olduğu Aeon Mall ticarət mərkəzində 170-ə yaxın xilasedici axtarış əməliyyatlarını davam etdirir.

Şirkət rəsmiləri bildiriblər ki, təxminən 3 min müştəri avtomobil dayanacağına təxliyə edilib. Lakin binanın digər hissəsində baş verən qaz partlayışı zamanı içəridə işçilər olub. Dağıntılar altından çıxarılan 8 nəfərdən 3-ü həyatını itirib.

Vyetnam hökuməti isə zavodda kranın aşması nəticəsində ölən texniki təcrübəçinin zəlzələ zamanı həyatını itirən ilk xarici ölkə vətəndaşı olduğunu açıqlayıb.

Prefektura rəhbərliyi təxminən 34900 evə elektrik, 15 min evə isə su verilişinin dayandırıldığını bildirib. 8800-dən çox sakin evlərini tərk edərək 400-dən artıq sığınacaqda yerləşdirilib. Sığınacaqlarda kondisionerlərin işləməsi üçün əlavə enerji mənbələri təmin olunur.

Yaponiyanın Baş naziri Sanae Takaichi bölgədə binaların dağıldığını, yanğınların baş verdiyini və yolların zədələndiyini bildirərək, xilasedicilərin zamanla yarışdığını və bütün imkanların səfərbər edildiyini vurğulayıb.

Yaponiya Məkan Məlumatları İnstitutu zəlzələ nəticəsində bəzi quru ərazilərində 87 santimetrə qədər yer sürüşmələrinin qeydə alındığını açıqlayıb.

Digər tərəfdən, avtomobil və çip istehsalçıları Kyuşudakı müəssisələrində istehsalı müvəqqəti dayandırıblar. Toyota bölgədə yerləşən üç zavodunda əməliyyatların cümə gününədək dayandırıldığını elan edib. Analitiklərin fikrincə istehsalın dayandırılması müəssisələrin zədələnməsindən deyil, əməkdaşların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu