ABŞ ordusu İranda Hörmüz boğazı ətrafını hədəfə aldı
ABŞ ordusunun gecə saatlarında İrana endirdiyi zərbələr zamanı Hörmüz boğazı ətrafı və ölkənin müxtəlif bölgələri hədəfə alınıb.
AFN.az xəbər verir ki, İran mətbuatı ABŞ-ın gecə saatlarında yeni hücum dalğasına başladığını elan etməsindən sonra hədəf alınan bölgələrlə bağlı son məlumatları yayıb.
Məlumata görə, ABŞ ordusu zərbələr zamanı əsasən Hörmüz boğazına bitişik əraziləri, eləcə də ölkənin müxtəlif bölgələrində yerləşən obyektləri hədəf alıb.
Buşehr vilayət administrasiyasının açıqlamasında bildirilib ki, ABŞ-ın hücumları zamanı nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhəri, həmçinin Cəm və Deşti rayonları hədəfə alınıb.
Açıqlamada hücumlar nəticəsində insan itkisi və ya maddi ziyanla bağlı məlumat verilməyib.
İran dövlət televiziyasının yaydığı məlumata görə, ölkənin cənubundakı Hörmüzgan vilayətinin Bəndər-Abbas şəhərində ABŞ zərbələri nəticəsində iki güclü partlayış səsi eşidilib.
Basra körfəzində yerləşən Əbu Musa və Kiş adaları, eləcə də Hörmüz boğazına strateji nəzarət edən Keşm adası da gecə saatlarında ABŞ hücumlarının hədəfinə çevrilib.
Bildirilib ki, səhər saatlarında Keşm adasına təşkil olunan hücum zamanı yaşayış evi vurulub. Nəticədə eyni ailənin 3 üzvü həyatını itirib, 2 nəfər isə yaralanıb.
Hörmüzgan vilayətinin Böhran İdarəetmə Mərkəzinin açıqlamasında qeyd olunub ki, hücumlar səbəbindən Keşm adasının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aparılan işlərdən sonra enerji təchizatı bərpa edilib.
Basra körfəzinin şimalında, İraqın Bəsrə şəhəri ilə həmsərhəd olan Xuzistan vilayətinin Abadan şəhərində də partlayış səslərinin eşidildiyi bildirilib. Lakin hücumun təfərrüatları barədə əlavə məlumat açıqlanmayıb.
İranın mərkəzi hissəsində yerləşən Fars vilayətinin də hücumlara məruz qaldığı qeyd olunub.
Fars vilayət administrasiyasının açıqlamasına əsasən, səhər saatlarında Kazerun və Fəraşbənd şəhərləri ABŞ-ın hücumlarının hədəfi olub.
Açıqlamada bildirilib ki, həmin hücumlar nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb, bölgədə vəziyyət normallaşıb.
