ABŞ-da siklosporiaza yoluxma hallarının sayı 45 ştatda 18 mini keçdi
ABŞ-da şiddətli ishala səbəb olan parazitar bağırsaq xəstəliyi – siklosporiaza yoluxma hallarının sayı 45 ştat üzrə 18 mini ötüb.
AFN.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) açıqlamasına əsasən, siklosporiaz adlanan parazitar bağırsaq infeksiyası ölkə üzrə yayılmaqda davam edir.
Məlumata görə, may ayından etibarən laboratoriyada təsdiqlənmiş 6707 yerli siklosporiaza yoluxma halı qeydə alınıb. Bu xəstələrdən 423 nəfər xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, laboratoriyada hələ təsdiqlənməyən və əlavə analiz tələb edən 11500-dən çox ehtimal olunan siklosporiaz yoluxması da qeydiyyata alınıb. Beləliklə, ABŞ üzrə xəstəliyə yoluxma hallarının ümumi sayı 45 ştatda 18 mini ötüb.
ABŞ mətbuatının məlumatına görə, 9 ştatda qeydə alınan siklosporiaza yoluxma hallarının bəzi restoranlarda istifadə edilən doğranmış aysberq kahısı ilə əlaqəli olduğu müəyyən edilib.
Qeyd edək ki, siklosporiaz çirkli su və ya insan nəcisi ilə çirklənmiş qidaların istehlakı nəticəsində yayılan parazitar bağırsaq xəstəliyidir. Xəstəlik əsasən çiy şəkildə istehlak olunan tərəvəz və meyvələr vasitəsilə insanlara keçə bilir.
Mütəxəssislərin bildirdiyinə görə, xəstəliyə mikroskopik Cyclospora paraziti səbəb olur və onun əsas əlamətlərindən biri şiddətli ishaldır.



