Baydenin vaxtilə Obamanı tənqid etdiyi üzə çıxıb
ABŞ-ın sabiq prezidenti Co Baydenin onun memuarlarının həmmüəllifi Mark Zvonitser ilə söhbətlərinin səs yazıları göstərir ki, xarici siyasət məsələlərini təfərrüatı ilə müzakirə etməsinə baxmayaraq, bəzi danışıqlarda Baydendə qısamüddətli yaddaş itkiləri yaşanıb.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, o, söhbətlər zamanı keçmiş prezident seçkisi tərəfdaşı və ölkənin sabiq prezidenti Barak Obamanı kəskin tənqid etməkdən də çəkinməyib.
2017-ci ilin aprelində baş tutan söhbətlərdən birində Bayden Obama administrasiyasının Çinə qarşı sanksiyalar tətbiq etmək istəməməsindən danışarkən belə deyib:
"Sözümüzün arasında qalsın, Obama həmişə doğru qərara gəlirdi, lakin bir gün gec və bir dollar əskik".
Bununla belə, Bayden əlavə edib ki, əgər özü ABŞ prezidenti postunda olsaydı, daha cəld hərəkət edə biləcəyinə əmin deyil: "Ehtimal ki, mən prezident olsaydım, mənim də bunu etməyə cəsarətim çatmazdı".
Agentliyin mənbələrinin bildirdiyinə görə, səs yazıları Baydenin memuarları üzərində iş çərçivəsində aparılıb. Danışıqlarda o, beynəlxalq siyasətdən ətraflı bəhs etsə də, bəzi epizodlarda müəyyən detalları və ya hadisələri xatırlamaqda çətinlik çəkib.
Qeyd edək ki, Co Bayden 2009–2017-ci illərdə Obamanın rəhbərliyi altında ABŞ-nin vitse-prezidenti vəzifəsini tutub, 2021-ci ildə isə ölkənin 46-cı prezidenti olub.




