Londonda "Palestine Action"a dəstək aksiyasında 150-dən çox şəxs saxlanılıb
Londonda qadağan olunmuş "Palestine Action" hərəkatına dəstək məqsədilə keçirilən etiraz aksiyasında 150-dən çox şəxs saxlanılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, ümumilikdə 152 nəfər saxlanılıb. Onlardan 134-ü qadağan edilmiş təşkilatı dəstəkləməkdə ittiham olunur.
London Metropoliten Polis İdarəsinin məlumatına görə, aksiya zamanı bir neçə əməkdaşa hücum edilib, lakin onların heç biri xəstəxanaya yerləşdirilməyib. Daha altı nəfər isə müxtəlif cinayət əməllərində, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumda şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi 2025-ci il iyulun 5-də "Palestine Action" hərəkatını qadağan olunmuş təşkilatlar siyahısına daxil edib. O vaxtdan bəri təşkilata dəstək aksiyalarında ölkə üzrə 3 mindən çox şəxs saxlanılıb, 700-dən çoxuna ittiham irəli sürülüb. Hərəkat qadağaya qarşı məhkəmədə mübarizəni davam etdirir.

