İran Vensə Uitkoff və Kuşnerdən şikayət edib
İran ABŞ-la aparılan danışıqlar zamanı vitse-prezident Ceyms Devid Vensə xüsusi mesaj göndərərək Stiv Uitkoff və Cared Kuşnerdən narazılığını çatdırıb.
AFN.az "Drop Site" nəşrinə istinadən xəbər verir ki, İran tərəfi bu iki şəxsin danışıqlarla bağlı məxfi məlumatlardan maliyyə bazarlarında qazanc əldə etmək məqsədilə istifadə etdiyini iddia edib.
Məlumata görə, Tehran hesab edir ki, Uitkoff və Kuşnerin danışıqlarda iştirakı iyunun 17-də əldə olunan çərçivə razılaşmasının uzunmüddətli sazişə çevrilməsi perspektivinə zərbə vurur.
İddialara əsasən, İran tərəfi həmçinin Kuşnerin danışıqlarla bağlı məlumatları mütəmadi olaraq İsrailin Baş naziri Benyamin Netanyahuya ötürdüyündən narahatlığını ifadə edib.
Nəşrin yazdığına görə, İran bu narahatlıqları əvvəlcə vasitəçilər, daha sonra isə xüsusi kanal vasitəsilə birbaşa Cey Di Vensə çatdırıb. Tehran Uitkoff və Kuşneri diplomatik prosesdən sui-istifadə etməkdə və danışıqların ümumi atmosferini pozmaqda ittiham edib.
