Mirasdan məhrum edildiyini düşünən şəxs uşaqlıq evini partladıb



İngiltərənin Lankaşir qraflığında yaşayan 55 yaşlı Darren Devis valideynlərinin mirasından məhrum edildiyini zənn edərək uşaqlıq illərinin keçdiyi evi yandırıb.

AFN.az xəbər verir ki, hadisə nəticəsində evdə güclü partlayış baş verib və bina yararsız vəziyyətə düşüb.

Valideynləri bir neçə ay fərqlə vəfat etdikdən sonra Darren Devis qardaşı Kreyq Devis ilə birlikdə Hemblton kəndində yerləşən, dəyəri təxminən 260 min funt sterlinq olan fərdi evdə yaşamağa davam edib.

2024-cü il martın 27-də səhər saatlarında Karr Leyn küçəsində yerləşən evdə güclü partlayış baş verib. Damı çökən və alova bürünən binadan çıxan Darren Devis yoldan keçən şəxsə "Ailəm evi istəyir. Əgər mən ala bilməyəcəmsə, heç kim ala bilməz" deyib.

İstintaq zamanı müəyyən olunub ki, evin qonaq otağına, mətbəxinə və yataq otağına üç qaz balonu yerləşdirilib, çardağa benzin tökülüb və alışdırılmış şam vasitəsilə yanğın törədilib.

Prokurorluq bildirib ki, yanıcı maddələrlə gücləndirilən yanğının yaratdığı partlayış ətrafdakı insanlar üçün həyati təhlükə yaradıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Darren Devisin mirasla bağlı iddiası həqiqəti əks etdirməyib. Qardaşı Kreyq Devis ifadəsində valideynlərinin vəsiyyətinə əsasən evin iki qardaş arasında bərabər bölüşdürüldüyünü bildirib.

Kreyq Devisin sözlərinə görə, o, 2025-ci ilin əvvəlində evi sataraq hər kəsin öz yoluna getməsini təklif edib. Lakin Darren Devis atalarının ömrünün son aylarında guya evi yalnız onun adına keçirən gizli vəsiyyət imzaladığına inanıb və qardaşını ona qarşı sui-qəsddə ittiham edib.

Partlayış zamanı işdə olan Kreyq Devis hadisədən dostunun göndərdiyi mesaj vasitəsilə xəbər tutub. O, gündəliklərini, ailə şəkillərini, valideynlərinə məxsus zinət əşyalarını və digər bütün əmlakını itirib. Zərərçəkən qardaş Darren Devisdən 170 min funt sterlinqdən çox təzminat tələb edib.

Preston Kral Məhkəməsində keçirilən məhkəmə prosesində müdafiə tərəfi Darren Devisin uzun müddətdir bipolyar pozuntu, depressiya, təşviş pozuntusu və autizm spektr pozuntusu ilə bağlı müalicə aldığını, hadisə zamanı psixi vəziyyətinin normal olmadığını və intihar etməyi planlaşdırdığını bildirib.

Hakim Filip Parri təqsirləndirilən şəxsin psixi sağlamlıq problemləri səbəbindən məsuliyyətinin əhəmiyyətli dərəcədə azaldığını və cinayətini erkən mərhələdə etiraf etdiyini nəzərə alaraq onu 4 il 4 ay müddətinə azadlıqdan məhrum edib. Devis cəzasının yarıdan çoxunu həbsxanada çəkəcək, qalan hissəsini isə şərti nəzarət altında keçirəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu