Mərakeşli rəsmi: Qanunsuz miqrasiya ilə mübarizə ortaq məsuliyyətdir



Mərakeşin yüksək vəzifəli rəsmisi qanunsuz miqrasiya ilə mübarizənin bütün tərəflərin ortaq məsuliyyəti olduğunu bildirib.

AFN.az xəbər verir ki, adı açıqlanmayan hökumət nümayəndəsi Mərakeşin bu istiqamətdə üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirdiyini iddia edib.

Mərakeşin rəsmi MAP xəbər agentliyinə danışan rəsmi bildirib ki, ölkəsi qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində "suveren, etibarlı və məsuliyyətli tərəfdaş" olmağa davam edir.

Rəsmi vurğulayıb ki, Mərakeş heç vaxt təzyiqlərə boyun əyməyib. Onun sözlərinə görə, "Ölkəmiz heç vaxt şantaj və ya məcburiyyət altında hərəkət etməyib. Fəaliyyətimizin əsasını hər zaman öhdəliklərimiz və məsuliyyət hissimiz təşkil edib."

O qeyd edib ki, qanunsuz miqrasiya ilə mübarizə bütün tərəflərin birgə məsuliyyət daşıdığı mürəkkəb prosesdir.

Rəsmi miqrasiya probleminin çoxşaxəli xarakter daşıdığını bildirərək, bütün tərəflərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb və Mərakeşin bu sahədə "üzərinə düşən payı artıqlaması ilə yerinə yetirdiyini" bildirib.

İspaniya ilə əməkdaşlığı nümunə göstərən rəsmi qeyd edib ki, görülən işlər konkret nəticələr verir.

Onun sözlərinə görə, "Bu öhdəlik hamı üçün konkret nəticələr ortaya qoyur. Bəziləri əldə edilən böyük uğurun miqyasını dərk etmədən bunu adi hal kimi qəbul etsə də, bu məqsədlə mühüm humanitar, texniki və maliyyə resursları səfərbər edilib. Mərakeş və İspaniya hökumətləri arasında əməkdaşlıq bu baxımdan nümunəvi xarakter daşıyır."

Rəsmi sahədə əldə olunan nəticələr barədə də məlumat verərək bildirib ki, qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 2024-cü ildə 79 min, 2025-ci ildə isə 74 min qanunsuz miqrasiya cəhdinin qarşısı alınıb.

O əlavə edib ki, 2024-2025-ci illərdə keçirilən əməliyyatlar zamanı 632 insan alveri və qaçaqmalçılıq şəbəkəsi zərərsizləşdirilib. Həmçinin həmin dövrdə dənizdə aparılan əməliyyatlar nəticəsində 32 mindən çox miqrant boğulmaq təhlükəsindən xilas edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu