İddia: ABŞ kritik raketdən müdafiə sisteminin raketlərinin təxminən 80 faizini tükədib
ABŞ hərbi komandanlığının Pentaqonun sursat ehtiyatlarının təhlükəli dərəcədə azaldığı barədə xəbərdarlıq etdiyi və ordunun mühüm raketdən müdafiə sisteminə məxsus önləyici raketlərin təxminən 80 faizini istifadə etdiyi iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə CNN telekanalına danışan və məsələdən məlumatlı olan bir neçə mənbə məlumat verib.
Mənbələrin sözlərinə görə, ABŞ ordusu İranla qarşılıqlı hücumlar zamanı istifadə etdiyi mühüm müdafiə sisteminə aid raket ehtiyatlarının təxminən 80 faizini sərf edib.
Son inventar hesabatı ilə tanış olan iki mənbə bildirib ki, müharibədən əvvəlki göstəricilərlə müqayisədə ABŞ ordusu THAAD (Terminal Yüksək Hündürlük Ərazi Müdafiə Sistemi) raket ehtiyatının təxminən beşdə dördünü, müharibənin başlanğıcından bəri isə Patriot önləyici raketlərinin təxminən yarısını istifadə edib.
Xəbərdə, həmçinin bildirilib ki, Pentaqonun son hesabatları ilə tanış olan bir mənbənin sözlərinə görə, ABŞ ordusu münaqişə zamanı yüksək dəqiqliyə malik uzaqmənzilli yer-hava raketlərinin demək olar ki, hamısından istifadə edib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, İranla müharibə başlamazdan əvvəl ABŞ-ın arsenalında təxminən 2 200 ədəd Patriot və 452 ədəd THAAD raketi mövcud idi.
Digər tərəfdən, qısa müddət əvvəl ABŞ-a hərbi bazalarından istifadə imkanı verdikləri üçün İranın hədəfinə çevrilən bəzi Körfəz ölkələrinin, Prezident Donald Trampın münaqişəni daha da genişləndirəcəyi təqdirdə hava hücumundan müdafiə sistemlərində yaranan çatışmazlığın İranın mümkün cavab zərbələrinin qarşısını alma qabiliyyətinə təsiri ilə bağlı narahatlıqları da ABŞ mətbuatında yer alıb.
Bildirilir ki, Prezident Donald Trampın ötən həftəsonu İrana qarşı yeni hücumları ləğv etmək qərarından əvvəl sursat ehtiyatları ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Məlumata görə, sursat qıtlığı ilə bağlı xəbərdarlıqlar, İranın enerji obyektləri də daxil olmaqla kritik infrastrukturuna mümkün hücumların nəticələri barədə kəşfiyyat məlumatları və Körfəz ölkələrinin narahatlıqları, yekun əmrin verilməsinə baxmayaraq, Pentaqonun İrana qarşı planlaşdırdığı hücumların həftəsonu ləğv edilməsinə səbəb olub.
Adının açıqlanmasını istəməyən yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Donald Tramp şənbə günü Yaxın Şərqdəki müttəfiqləri ilə görüşdən sonra İrana qarşı yeni hücum planından geri çəkilmək qərarına gəlib.
Pentaqonun sözçüsü Şon Parnell isə açıqlamasında bildirib ki, "ABŞ ordusu dünyanın ən güclü ordusudur və Prezidentin seçəcəyi vaxtda və məkanda əməliyyat keçirmək üçün lazım olan bütün imkanlara malikdir."
CNN qeyd edib ki, sursat ehtiyatları ilə bağlı davam edən narahatlıqlar raket çatışmazlığının ciddiliyini göstərir və ABŞ-ın İrana qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq imkanları ilə bağlı suallar yaradır.
Həmçinin xəbərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə istinadən bildirilib ki, THAAD raket ehtiyatının İranla müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün ən azı üç il vaxt tələb oluna bilər.
