Atasının meyitini pensiyasını almaq üçün dondurucuda gizlədən şəxs saxlanıldı



Yunanıstanda bir şəxs atasının pensiyasını almağa davam etmək məqsədilə onun meyitini illərlə istifadəsiz otelin zirzəmisində yerləşən dondurucuda saxladığı üçün polis tərəfindən saxlanılıb. 

AFN.az xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Polisin açıqlamasında bildirilib ki, 90 yaşlı təqaüdçü müəllim təbii səbəblərdən vəfat edib və hadisə ilə bağlı qətl şübhəsi yoxdur.

55 yaşlı oğul barəsində dələduzluq, yalan məlumat vermə və yaşadığı evdə pnevmatik silah aşkar edildiyi üçün silah qanunvericiliyini pozma maddələri ilə cinayət işi açılıb.

Məlumata görə, Mora yarımadasında yerləşən Sparta şəhəri yaxınlığındakı Mistras kəndinin sakinləri uzun müddət yaşlı kişidən xəbər ala bilmədikləri üçün bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Polis əməkdaşları araşdırma zamanı ailəyə məxsus istifadəsiz otelin zirzəmisində yerləşən dondurucuda yaşlı kişinin meyitini aşkar ediblər.

Saxlanılan şəxs ifadəsində atasının təxminən iki il yarım əvvəl vəfat etdiyini və meyiti dondurucuya yerləşdirdiyini etiraf edib. Kənd sakinləri isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.

Atanın ölümünün dəqiq səbəbi aparılacaq məhkəmə-tibbi ekspertizası və yarılma müayinəsindən sonra müəyyənləşdiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu